USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu çimərliklərdə çirklənmə qeydə alınıb - AÇIQLAMA

16.07.2018 İqtisadiyyat
0 0
Azərbaycanda olan çimərliklərdən hələ ki heç biri “mavi bayraq” almayıb.

Çimərlik mövsümünün başlaması ilə ora üz tutanların sayı da artıb.

"Kommersant" xəbər verir ki, Azərbaycanın Xəzər sahili bölgələrində 90-dan çox çimərlik var, yenilərinin salınması da davam edir. Hər il çimərlik mövsümü başlamazdan öncə dəniz suyunun monitorinqi aparılır, çirkli suyu olan ərazilərdən istifadəyə qadağa qoyulur, çimərliyə yararlı ərazilər isə açıq şəkildə elan olunur.

"Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb".

"Kommersant" xəbər verir ki, bu portalımıza açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, son 10 ildə həmin çimərliklərdə eyni problem müşahidə olunur:

"Tədqiqatlara mayın 21-dən start verilib və bu, hər 15 gündən bir aparılır. Yoxlamalar 1 oktyabra qədər davam edəcək. Əldə etdiyimiz göstərici ilkin nəticə ilə üst-üstə düşür. Səbail və Qaradağ rayonları ərazisindəki çimərliklərdən başqa Abşeron yarımadasında qanuni fəaliyyət göstərən digər çimərliklərdə dəniz suyunun laborator müayinələri standartlara cavab verir".

Z. Kazımov problemin həlli istiqamətində aparılan işlərdən də danışıb:

"Problemin həlli üçün dövlət proqramlarına uyğun addımlar atılır, həmin rayonların ərazisindəki su kanalizasiya xətləri dəyişdirilir. Çimərliklərdə maarifləndirici lövhələr asılır".

Nəzərə alsaq ki, çimərliklər dünya turizm sənayesində ən gəlirli sahələrdən biridir, o zaman çimərlik turizmi sahəsində xüsusi yeri olan İspaniya, Türkiyə, Yunanıstan, Fransa kimi ölkələrin tətbiq etdiyi "Mavi bayraq" xidmətindən yerli bazarda yararlanmaq müsbət nəticələr verə bilər.

"Mavi bayraq" nədir?

"Mavi bayraq" ən yüksək meyarlara cavab verən çimərliklərə Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı (FEE) tərəfindən verilən nümunəvi xidmət göstəricisidir. "Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir.

"Mavi bayraq" sertifikatı 4 meyar üzrə müəyyənləşir - suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması. Burada lazımi sayda zibil qutusunun yerləşdirilməsi, tullantıların vaxtlı-vaxtında daşınması, ev heyvanlarının çimərliyə girişinin beynəlxalq qanunlara görə müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, yetərli sayda xilasedicilərin mövcudluğu, ətrafı çirkləndirə biləcək qəza risklərinə qarşı tədbirlərin vaxtında həyata keçirilməsi kimi vacib məsələlər də əsas götürülür.

Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.

Qeyd edək ki, Türkiyədə hazırda 450-yə yaxın "mavi bayraq"lı çimərlik var (Antalya, Muğla, İzmir, Aydın bölgələri). Azərbaycanda olan çimərliklərdən isə hələ ki heç biri "mavi bayraq" almayıb.