“Bakı metrosunda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir”.
"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC-də sonuncu qiymət artımı 2011-ci ilin dekabr ayında (15 qəpikdən - 20 qəpiyə) bahalaşıb.
Hazırki artım (20 qəpikdən – 30 qəpiyə) metroya nə qədər qazandıracaq?
"Bakı Metropoliteni" QSC hazırki dövrə qədər sərnişinlərdən gün ərzində 118 min manat, ay ərzində isə 3 milyon 540 min manat gediş haqqı yığa bilirdi. Sabahdan etibarən isə bu rəqəm günlük olaraq 177 min manat, aylıq isə 5 milyon 310 min manat olacaq ki, bu da əvvəlki rəqəmlə müqayisədə 1 milyon 770 min manat çoxdur.
Xatırladaq ki, 2013-cü ildə də metroda gediş haqqının qaldırılması məsələsi gündəmə gəlmişdi. Həmin zaman Prezident İlham Əliyev Bakı və ətraf qəsəbələrin inkişafına üzrə II Dövlət Proqramının yekunlarına dair keçirilən konfransdakı çıxışı zamanı bildirmişdi ki, hazırda metroda bir sərnişinin daşınması dövlətə 1 manatdan yuxarı başa gəlir. Hazırda isə açıqlanan rəqəmin (47 qəpik) ölkə başçısının sözləri ilə üst-üstə gəlməməsi Prezident İlham Əliyevə təqdim edilən hesabatın yanlış olduğu şübhəsini yaradır.
Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən deyə bilərik ki, 2013-cü ildə Bakı metrosu ilə 206 milyon 700 min sərnişin daşınıb. 2017-ci ilin hesabatında isə 228 milyon 800 min nəfər sərnişin daşınıb. Bu isə 4 il ərzində Metro sərnişinlərinin 22 milyon 100 min nəfər artımı deməkdir. Bu isə iqtisadi terminlərə (tələb-təklif) təmamilə ziddir. Buradan da göründüyü kimi, metroya olan tələbin artdığı bir dönəmdə gediş haqqının artırılmasının heç bir iqtisadi əsası yoxdur.