Özbəkistan aqro sığorta üzrə Azərbaycan modelinə keçir.
Kommersant.az xəbər verir ki, bunu Özbəkistanın iqtisadiyyat və maliyyə nazirliyinin nümayəndəsi Botır Usmonalıyev 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Bakıda keçirilən “Aqrar sığorta sisteminin inkişaf perspektivləri: Azərbaycan təcrübəsi, çağırışlar və beynəlxalq praktika” mövzusunda panel müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Özbəkistan son 2-3 il ərzində aqrar sığorta sisteminin inkişafı ilə aktiv şəkildə məşğuldur və bu sistemdən Azərbaycanda artıq beş ildir ki, səmərəli şəkildə istifadə olunur.
Usmonaliyev qeyd edib ki, bundan əvvəl Özbəkistanda aqrar sığorta kommersiya sığorta şirkətləri vasitəsilə ümumi əsaslarda həyata keçirilsə də, bu model müsbət nəticələr vermədi.
“Məhz buna görə biz dövlətimizin başçısının tapşırığı ilə aqrar sığortaya müxtəlif yanaşmaları– İspaniya, Türkiyə və Azərbaycan modellərini - tədqiq etməyə başladıq. Son iki il ərzində biz xüsusilə Türkiyə və Azərbaycanla aktiv şəkildə əməkdaşlıq etmişik və bu sahədə onların modelini tədqiq etmişik. Bu əməkdaşlığın nəticəsi olaraq bizim ölkədə kənd təsərrüfatı risklərinin sığortalanması haqda qanun qəbul olunub”, - deyə o bildirib.
Onun sözlərinə görə, qanunun qəbulundan sonra xüsusi fondun formalaşdırılması və onun fəaliyyətini nizamlayan normativ aktların hazırlanması üzrə işlər aparılmaqdadır.
“Hal-hazırda biz aqrar sığorta üzrə Azərbaycan modelinə keçməkdəyik”, - deyə Usmanaliyev qeyd edib.