Cari ilin yanvar-aprel aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 73,3 milyon nəfər olub.
Kommersant.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 0,7 milyon nəfər azdır.
Belə ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 74 milyon nəfər olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0% və 5,7% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb. Yüklərin 3,9%-i dəniz, 7,5%-i dəmir yolu, 0,2%-i hava, 59,2%-i avtomobil nəqliyyatı, 29,2%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,4% artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,3%-i avtomobil nəqliyyatı, 11,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.