USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik Tarif Şurasına niyə müraciət edib? - ÖZƏL

04.08.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Tarif Şurasının 30 iyulda keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

"Kommersant.az" xəbər verir ki, sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət edən qurumlar arasında "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "Baku Bus" MMC olmaqla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də var.

"Digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Daşıyıcılar uzun müddətdir ki, problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi".

Bunu "Kommersant.az"ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bildirilib. Açıqlamada deyilir ki, bu qərar daşıyıcıların maliyyə vəziyyətini sağlamlaşdıracaq:

"Həmin müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil olunub, xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib.

Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq".