Ötən il Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) son illərin ən aşağı ixrac gəlirinə sahib olub. 2025-ci ildə “Azərkosmos” dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib.
Bu, 2024-cü ilin ixrac gəlirləri ilə müqayisədə 2,2 faiz azalma deməkdir.
Agentlik ixracdan əldə etdiyi gəlirlərin ən yüksək həddini 2021-ci ildə yaşayıb. Həmin il qurumun xarici şirkətlərə xidmətdən qazancı 45,3 milyon dollar təşkil edib. Lakin 2022-ci ildə gəlirlər birdən-birə 1,7 dəfə azalaraq 26,6 milyon dollara düşdü. Agentliyin 2025-ci il üçün qeydə alınan 18,1 milyon dollarlıq ixrac gəliri isə, hətta 2017-ci il səviyyəsindən də aşağı olduğunu göstərir.
2019- 2021-ci illərdə 43-45 milyon dollar civarında olan ixrac gəlirlərinin sonrakı illərdə kəskin şəkildə aşağı düşmə trendini görürük. Agentliyin 5 il ərzində ixrac gəlirləri təqribən 2,5 dəfə azalıb.
Ümumiyyətlə, “Azərkosmos”un gəlirlərinin böyük hissəsi xidmət ixracından formalaşıb. Hətta bəzi illərdə bu payın 80-90 faizə qədər çatdığını müşahidə etmək olur. Qurumun maliyyə nəticələrinə əsasən, 2022-ci ilə qədər məhz ixrac gəlirləri hesabına qurum mənfəətlə başa vurub. Lakin 2024-cü ilin maliyyə hesabatına görə, xidmət xərcləri gəlirlərdən daha yüksək olub. Ekspertlər bildirirlər ki, peyklərin buraxılışı, idarə edilməsi və saxlanması xərcləri milyonlarla dollar səviyyəsindədir. Eyni zamanda peyklər köhnəlir və müştərini saxlamaq üçün daim yeni peyklər göndərilməlidir ki, bu da əlavə xərclər yaradır.
Nəticədə, milyonlarla dollar investisiya qoyulan sahənin ixrac gəlirlərinin 18 milyon dollar səviyyəsinə düşməsi, onun özünü maliyyələşdirmə qabiliyyətində problemlər yaradıb. Bir vaxtlar “Azərkosmos” rəsmiləri peykin bütün istismar müddətində 500–600 milyon dollar gəlir gətirəcəyini açıqlasalar da, zamanla xərclərin bu proqnozları üstələdiyi müşahidə olunub.