Hotellərin yataq yerləri daha rahat olacaq - RƏSMİ

18.08.2018 İqtisadiyyat
Azərbaycanda Hotellər Assosiasiyası yaradılacaq.

"Kommersant.az"ın xəbərinə görə, Assosiasiyanın yaradılması ilə Azərbaycan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) üzvü ola bilər.

"Yaxın zamanda Azərbaycan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasına (HOTREC) müşahidəçi kimi cəlb ediləcək".

Bunu redaksiyamıza açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, bu istiqamətdə ilk addımlar atılır:

"Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının 30 ölkədə 43 üzvü var. Onlar eyni zamanda Dünya Turizm Təşkilatının partnyorlarıdır. Assosiasiya hotellərə müəyyən standartlar tətbiq edir (ulduzlaşma, yataq yerlərinin rahat olması, "wi-fi" ilə təchizat və s.). Məsələn, əvvəllər 5 ulduzlu hotellərdə 3 restoran nəzərdə tutulurdusa, indi 1 restoran olmalıdır. Dünya tendensiyasına əsasən standart hotellərdən qeyri-standart hotellərə (butik hotellər və s.) keçid baş verir".

Dövlət Turizm Agentliyinin rəsmisi Azərbaycanda tətbiq ediləcək yeniliyin üstünlüklərindən də danışıb:

"1 il ərzində Azərbaycanın Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasına qoşulacağı gözlənilir. Təşkilata üzvlükdən sonra həmin Avropa standartlarının ölkədə də tətbiqinə başlanılacaq. Tətbiq, ilk növbədə xaricdən gələn turistlərə seçim şansında rahatlıq yaradacaq. Hotellər üçün üstünlüklər isə ondan ibarətdir ki, onlar mütəmadi olaraq yeniliklər haqqında məlumatlandırılacaq, hotellərin personalı Avropa səviyyəsində keçirilən treninqlərə cəlb ediləcəklər (menecmentlər üçün kurslar və s.). Bu, həm təcrübə mübadiləsi, həm də keyfiyyətin artırılması deməkdir".

K.Quluzadə, hotellərdə Avropa standartlarına uyğun göstəriləcək xidmətin qiymətindən də danışıb:

"Biz qiymətlərə müdaxilə etmirik, belə bir səlahiyyətimiz yoxdur. Hotellər qiymətləri bazar iqtisadiyyatının mexanizmlərinə uyğun olaraq müəyyən edirlər. Tələb-təklifdən asılı olaraq rəqabət, hətta qiymətlərin enməsinə də gətirib çıxara bilər".