Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir.
Kommersant.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
Dövlət başçısı bildirib:
"Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur.
Mən, Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır.
1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.
BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada Fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir.
BMT ilə yanaşı Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultra-periferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperifirik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.
Göründüyü kimi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu açıq-aşkar işğal və anneksiyadır".