"Qalaaltı”da “Termal şəhərlər”in növbəti konfransının açılışı keçirilib

30.05.2018 Turizm
“Qalaaltı” kurortunda (Şabran rayonu) mayın 30-da Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının açılış mərasimi keçirilib.

"Kommersant.Az" bildirir ki, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, toplantıda mədəniyyət naziri Əbülfəs Qarayev, EHTTA-nın prezidenti Giuseppe Bellandi, 13 ölkədən 40-a yaxın mütəxəssis, assosiasiyanın yüksək səviyyəli nümayəndələri, eləcə də ölkəmizin mədəniyyət, turizm sahələrində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, tədbir “Avropa mədəni irs ili” çərçivəsində təşkil olunub.

Nazir Azərbaycanda mədəni irsin qorunması, təbliği və turizm sənayesi ilə qarşılıqlı inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın uğurla əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasıdır. Məhz bu əməkdaşlıq nəticəsində 2016-cı il yanvarın 21-də assosiasiyanın Baş Assambleyası tərəfindən “Qalaaltı” kurortu qurumun “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub: “İndi ölkəmizdə bu şəhərlərin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər görülür. Bizim buna çox böyük potensialımız var. Bölgələrimizdə həm tarixi abidələr, mədəni irs nümunələri, həm də bu cür təbii turizm imkanları mövcuddur. Naftalan, Lənkəran və Qəbələ şəhərlərinin bu marşruta qoşulması nəzərdə tutulub. Bu da öz növbəsində ölkəmizə gələn xarici turistlərin sayının artmasına öz təsirini göstərəcək”.

Nazir Azərbaycanın qoşulduğu beynəlxalq mədəni marşrutlar barədə də ətraflı məlumat verərək bildirib ki, “Böyük İpək Yolu”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri” və başqa beynəlxalq turizm marşrutları ölkəmizin təbliğində mühüm rol oynayır.

Qeyd olunub ki, ölkəmizdə mədəni irs nümunələrinin qorunması, bərpası və təbliği, eləcə də turizmin inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir: “Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizdə mədəniyyətin, turizmin inkişafına yönəlmiş addımlar uğurla davam etdirilir. Son illər Heydər ƏliyevFondu tərəfindən, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təbliği daha da güclənib”.

Nazir vurğulayıb ki, Azərbaycanda turizm sənayesi son illər yeni mərhələyə qədəm qoyub. Bu işlərin məntiqi nəticəsi olaraq hər il Azərbaycana gələn turistlərin sayı artır. Əbülfəs Qarayev onu da qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Bu sərəncam mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində böyük əhəmiyyətə malikdir.

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Giuseppe Bellande təşkilatın fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, assosiasiya öz fəaliyyətini zəngin mədəni irsə və eləcə də termal resurslara sahib olan şəhərlərdə turizmin inkişafı üzərində qurub. Avropada bu marşruta qoşulan şəhərlərin sayı ildən-ilə artır.

Giuseppe Bellande tədbirin əhəmiyyətindən danışaraq, “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Şabranda keçirilməsi barədə qərarın 2016-cı ildə İtaliyanın Salsomaggiore şəhərində verildiyini bildirdi. Azərbaycanın termal sulara malik bir sıra bölgələrinin olduğunu qeyd edən assosiasiya prezidenti ölkəmizdə termal turizmin inkişaf imkanlarını yüksək qiymətləndirib.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxışında rayondakı mədəni irs nümunələrindən və bölgənin turizm potensialı haqqında geniş məlumat verib. Bildirib ki, 2015-ci ildə istifadəyə verilən “Qalaaltı” kurortunun iqlim şəraiti və təkrarsız təbiəti buradakı mineral suyun faydalılığını daha da artırır. “Qalaaltı”da dağ və dəniz havası bir-birinə qarışır, rütubət yoxdur. Hər tərəfdən meşə ilə əhatə olunub. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yollarının iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə olunur.

Konfransda Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Qasımovun “Sağlamlıq turizminin imkanları”, Qlobal Sağlamlıq Turizmi Şurasının baş katibi Konstantin Konstantinidesin “Beynəlxalq sağlamlıq turizminin inkişaf etdirilməsi”, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin “Azərbaycan kurortlarının beynəlxalq təşkilatlara üzvlüyü” mövzularında məruzələri dinlənilib.

Sonda mədəniyyət naziri Əbülfəs Qarayevə Dünya Sağlamlıq Turizmi Təşkilatının “Şərəf və təşəkkür” plaketi təqdim olunub.