USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb

15.10.2021 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların bankomatları və terminalları vasitəsilə ABŞ dolları əsginaslarının qəbulu bir müddətdir dayandırılıb. Buna səbəb dövriyyədə saxta əsginasların olmasıdır.

Məlumata görə, “Unibank” və “Kapital Bank” faktı təsdiqləyib.
Bu məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankı (AMB) sorğuya cavab olaraq bildirib ki, AMB milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır.
“Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyllərinin daha yüksək olmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır. Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir”, – AMB-dən bildirilib.
Belə risklərdən sığortalanmaq üçün Mərkəzi Bank tərəfindən nağd pul avadanlıqlarının, emal sistemlərinin, nağd pul qəbul edən bankomat və terminalların xarici valyutada pul nişanlarının, o cümlədən ABŞ dollarının mühafizə elementlərinə uyğunlaşdırılmasının davamlı qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı kommersiya banklarına müvafiq tapşırıqlar verilir.
“Eyni zamanda, Mərkəzi Bankda ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri müəyyən edilmiş ABŞ dollarları və onların ekspertiza rəyləri müvafiq istintaq tədbirlərinin aparılması, o cümlədən saxta pulların ölkəyə daxil olma mənbəyinin araşdırılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir”, – AMB-dən bildirilib.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, AMB tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb: “Mövcud qanunvericiliyə uyğun olaraq saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, saxtalaşdırılmış pul nişanları müvafiq istintaq işlərinin aparılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir və araşdırmalar yekunlaşdıqdan sonra qaytarılaraq Mərkəzi Bankda saxlanılır”.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı banklar əhalidən 931,926 mln. nağd ABŞ dolları alıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur. Təkcə avqust ayında isə əhali banklara 124,015 mln. nağd dollar satıb ki, bu da aylıq ifadədə 4,1% çoxdur.

(c)APA