USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Vəhşi kimi” sevib, elə “vəhşi kimi” də əzab çəkən - BİZ, TÜRKLƏR

17.02.2023 Köşə
1 0
Öncəliklə bütün türk dünyasına bu qədər böyük itkidən dolayı başsağlığı verirəm, səbr diləyirəm. Ümid və dua edirəm ki, təkrarı yaşanmaz.

Yəqin ki, bütün yazılarım kimi bu yazı da birmənalı qarşılanmayacaq. Uzun müddətdir yazmırdım. Amma baş verənlər, gördüklərim o qədər təsirləndirir ki, fikirlərimi paylaşaraq az da olsa, ürəyimi rahatlatmaq istədim.

Yayda rayona gedərdik. Xalamın yoldaşı tv-də türk serialları başlayanda adətən kanalı çevirirdi. Deyirdi ki, “Bir doğuş, bir də ölüm səhnələrini bu “köpəyoğlu” türklər kimi oynayan yoxdu”. Bunu eşidəndə hələ uşaq idim. Böyüdüm və gördüm ki, həqiqətən ağlamağı bizim qədər gözəl bacaran ikinci millət yoxdu.

A başına dönüm, bir millətin ki, ağbirçəklərinin yas mövzusu “Filankəsi yaxşı ağladılar və ya “behmənkəs”i ağlayan olmadı”dır. Ya da başqa nümunə göstərək. Kiminsə xətrinə dəyirsənsə, “Mən öləndə ağlamazsan. Qəbrimə gəlməzsən” sitəmləri havada uçuşmağa başlayır. Qurban olduğum, öldün də day, qurtardı, əl çək. Sənin qəbrinə gəlindi, gəlinmədi, ağlandı, gülündü nolacaq? Bundan sənə nə fayda? Hələ evliliklərdə olan “məndən sonra evlənmə” təfəkkürü var. Niyə axı? Bu nə eqoistlikdir? Mən ölmüşəm deyə hamı gülməyi unutmalıdı? Yaxınlarım ömür boyu ağlamalıdır? Həyata bir dəfə gəlirik. Bircə dəfə. Və o “bir dəfə” heç kimə, heç nəyə qurban verilməyəcək qədər dəyərlidi, bunu unutmayın. Niyə kədərimizi içimizdə, xatirələrimizlə, hüznlə yaşamağı bacarmırıq?

Düşünürəm ki, biz türklərin bu məsələdəki ən böyük problemi deyəsən sevdiklərimizi idarə etmək, bağlanmaq, sevdiklərimizə “tapmaq” hissidir. Qısaca bir nəzərdən keçirin “vəhşi kimi sevmək” ifadəsi başqa hansı dildə var? Heç birində yoxdur. Çünki bizdən başqa heç kim “vəhşi kimi” sevmir. Ona görə də necə “vəhşi kimi” seviriksə, eləcə də “vəhşi kimi” əzab çəkirik.

Həyat o qədər qısadır ki, düşünürəm başımıza gələnlərə görə saatlarla ağlayacağımıza, kədəri bölüşüb, dərs çıxarıb, kömək olub davam etməliyik.

Odur ki, üzümü tuturam zəlzələ bölgəsindən, fəlakətdən yayılan onsuz da kifayət qədər ağır olan videoları götürüb fonuna drammatik musiqilər qoyub, üstünə bir o qədər drammatik sözlər yazıb paylaşanlara, etməyin, eləməyin. Kömək edə bilirsinizsə, edin. Dəstək ola bilirsinizsə, olun. Amma insanlara bu qədər travma yaşatmağa heç kimin haqqı yoxdur.

Məsələn, biri mən. O paylaşımları görürəm və yemək yemək istəmirəm, gözümü uşaqlarıma dikib, “lyustra” zilləyib, beynimdə acı ssenarilərlə otururam. Bəs bu halımla kiməsə, nəyəsə faydam olur? Nə qədər ömrüm var bilirəmmi? Ötən hər günümü bu qədər zəhər edirəm. Mənim kimi minlərlə insan var. Ən azı mən fərqindəyəm və özümü bu travmadan qorumağa çalışıram. Bəs fərqində olmadan o travmanı qəbul edib, həyatına çəkənlər? İnsanlara bu acıları bu qədər dərindən yaşatmağa heç kimin haqqı yoxdur. Bu mazoxistlikdən başqa bir şey deyil. Bütün bu travmaların nəticəsidir ki, toplum olaraq dünyanın ən aqressiv insanlarıyıq, küçə-bacada üzümüzdən həmişə zəhrimar yağır.

  • Əvvəlki

    Qələmlə deyil, skalpellə “gözəlləşən” cəmiyyət

Digər xəbərlər