USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bunlar dövlətin pulunu havaya sovururlar” – Sərt ittihamlar

24.05.2019 İqtisadiyyat
2 0
Tanınmış şair Salam Sarvanın Bakupost.az-a müsahibə verib.

“Kommersant.az” bildirir ki, o, müsahibədə Azərbaycan Yazıçılar Birliyinin ünvanına sərt ifadələr səsləndirib, bu qurumun gördüyü işləri tənqid atəşinə tutub. Müsahibəni təqdim edirik.

– Son dövr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən birisiniz. İxtisasca iqtisadçısınız. Şeirlərinizin iqtisadi durumu nə yerdədir?

– Kitabdan pul qazanmaq mümkün deyil. Həm də indi kitab bazarında az-çox satılan nəsr əsərləridir. Özü də dünya yazıçılarının nəsri.

– Aylardır, soaial şəbəkələrdə, saytlarda və başqa mətbu orqanlarda sizə aid bir cümlə də tapmaq olmur. Sanki hər kəsdən, hər şeydən qaçmaq, gizlənmək istəyirsiniz.

– Deyəsən, çəkilmələrlə-qabarmalarla yaşayan adamam. Bunu xüsusi olaraq tənzimləmirəm, öz-özünə belə alınır, görünür, yaşam təbiətim belədir.

– Əgər sizi bir şair kimi yaxından tanımasaydım, elə bilərdim, artıq bitib-tükənmisiniz.

– Hətta bitib-tükənməkdə də faciə görmürəm, hətta bu dünyada bircə misra şeir qoymadan əli cibində fit çala-çala getməkdə də ayıb bir şey yoxdu. Amma bəzən dostlarımız yaxşı hesab etdikləri şairlərin bitib-tükənməsini vurğulayarkən ən böyük arzularını dilə gətirdiklərini gizlədə bilmirlər, özlərini həmin şairin pusqusundakı kimi aparırlar, onun qələmindən təsadüfən çıxan bircə zəif misra da həmin adamlara qəribə həzz yaşadır. Məsələn, əgər mən daha yaza bilmirəmsə, belə şeirsevər dostlar məntiqlə təəssüflənməlidir axı, bunu bəzən bayağı bir sevinc hissiylə ifadə eləməyi necə başa düşək?! Bu hikkə, bu nifrət hardandı belə? Yeri gəlmişkən, bir dəfə qoca tənqidçilərdən biri kitabımdan ən zəif bir şeiri seçib onun üstündə məni əməlli-başlı yıxıb-sürümüşdü. Belə çıxır, bu gözəl insana elə gəlirmiş ki, Salam dahidir və onda bircə dənə də zəif şeir olmamalıdır.

– Bəzən deyirlər ki, Salam Sarvan böyük şair, böyük filosofdur. Özünüzü filosof hesab edirsiniz? Ümumiyyətlə, filosof olmaq nə deməkdir?

– "Böyük şair”, "tanınmış şair” ifadələri adamda qıcıq doğurur. Ya şairsən, ya da şair deyilsən – məsələ bu qədər sadədir. Filosofluğa isə heç uzaqdan da aidiyyatım yoxdu. Filosof – bir düşüncə sistemi, düşüncə süjeti yaradan adamdı: məsələn, hamıya tanışdır deyə "İdeyalar aləmi” nəzəriyyəsinin müəllifi Platonun adını çəkirəm. Dağınıq, rabitəsiz düşüncə qatlarının ifadəsi fəlsəfə sayıla bilməz.

– Bir dəfə demişdiniz ki, dünya poeziyasına baxanda bizim poeziya güclüdür.

– Bir az ehtiyatla desəm, bizim şeir çağdaş dünya poeziyasından geri qalmır. Sadəcə on şairi seçib, onların beş əsas dilə tərcüməsini, təbliğini təşkil eləmək lazımdır.

– Yeri gəlmişkən, "Qızıl kəlmə” mükafatından sizə çatan məbləği bəzi yazarlar arasında böldüyünüzə dair status yazmışdınız.

– O siyahıda adları olanlar inciməsinlər, sadəcə, yumorla yazılmış bir status idi. Yəni əgər orada ironiya vardısa da, bu ironiyanın hədəfi, məsələn, Sabir Rüstəmxanlı, Elçin, Kamal Abdulla deyildi, AYB-nin mükafatlandırma siyasətiydi.

İnsafsızlıqdı, dövlətin ədəbiyyat naminə xoş niyyətlə ayırdığı pulu bunlar havaya sovururlar, ehtiyacı olmayanların cibinə basırlar, ətraflarına xərcləyirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər.

Mən AYB-nin üzvü deyiləm, ancaq indi xərclədikləri pulun içində mənim də maaşımdan, qonararımdan verdiyim verginin məbləği var.

Düzü, Azərbaycan Yazıçılar Birliyi uzun illərdir, ədəbi fəaliyyətlə yox, bank fəaliyyətiylə, bankçılıqla məşğuldur. O boyda təşkilatın işi-gücü ancaq ildə bir dəfə təqaüd siyahısı hazırlayıb maliyyə qurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətlə ayırdığı pulu şübhəli formalarda yerbəyer eləməkdən, əmlakı kafe kimi icarəyə verməkdən ibarətdir. Sırf buxalteriya yəni. Ölürəm gülməkdən.

Həm də ortada çox əndrabadi görüntü var. Belə çıxır ki, AYB-nin iki mindən çox üzvü, yüzə qədər maaşlı işçisi, neçə-neçə rayon filialı, aparatındakı neçə-neçə şöbəsi, neçə-neçə katibliyi, neçə-neçə şurası ona görə bir yerə yığışıb ki, ildə bir dəfə təqaüd siyahısı hazırlayıb versinlər.

AYB-nin yaratdığı monopoliyada, ümumən ədəbiyyat təsərrüfatında dəhşətli haqsızlıqlar baş alıb gedir. Nəhayət, bu hoqqaları durdurmaq zamanı gəlib çatıb. İçində azca da olsa ədalət hissi qalmış yazarlar bir araya gəlib, bu meydan sulayan fərasətlilərin qarşısına çıxmalıdır.

– Ümumiyətlə, ədəbi mühitdə istedadsız adamların bütün müstəvilərdə üstün tutulmasına irad bildirəndə o saat deyirlər ki, onların istedadsız olduğunu hansı məntiqlə iddia edirsiniz? Doğrudanmı, istedadın tərəzisi yoxdur?

- Bu, hörmətli Anar müəllimin öz hərəkətlərinə bəraət qazandırmaq üçün sevimli arqumentidi. Amma elə deyil, əslində, istedadın tərəzisi var. Əvvala, əlahəzrət Qəlb amili: kimin kim olduğunu hər kəs qəlbinin dərinliklərində yaxşı bilir. İkincisi, istedadlı adam üçün mütləq iki şərt eyni vaxtda ödənilir: onun həm oxucu dairəsi var və həm də ədəbi elita tərəfindən etiraf edilir. Məhz bu iki şərt bir yerdə olanda ədalətli hökm çıxara bilir. Düzdür, ideal tərəzi deyil, amma hələ ki bütün dünyada işlək olan yeganə tərəzi də budur.

- Onda soruşula bilər ki, bəs həmin ədəbi elitanı kim və necə müəyyənləşdirir?

- Spontan baş verən haldı. Ədəbi proses boyu istər-istəməz hər əlli ilin öz ədəbi elitası formalaşır. Yəni biz ədəbiyyata gələn məqamda ilk qarşımıza çıxan nüans həmin elitanın mövcudluğu olur. Bu, danılası mümkün olmayan elə bir faktdı ki, hər yerdən baxanda görünür.

- Belə bir fikir də var ki, istedadsızların ədəbiyyata gəlməsinın ziyanı yoxdur, gedib oğurluq eləmirlər ki, şeir yazırlar da...

- Yox, əslində, böyük ziyanı var. Talantsız adamlar çox zirək, çox fərasətli olurlar. Məsələn, xaricdə Azərbaycan ədəbiyyatını daha çox onlar təmsil edirlər, bu da ədəbiyyatımızın səviyyəsi barədə yanlış rəy yaradır. Cəmiyyətin ədəbi zövqünü məhz onlar korlayırlar. Dövlətin həqiqi ədəbiyyata ayırdığı diqqəti məhz onlar qamarlayırlar. Televiziyalarda məhz onlar daha çox görünürlər və davranışlarıyla, göstərdikləri intellekt kasadlığıyla yazıçı-şair obrazının zibilini çıxarırlar. Xeyli belə məqamlar saya bilərəm.

  • Əvvəlki

    Səkkiz ölkə “ASAN Xidmət” modelinin tətbiqinə hazırlaşır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0