USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Regionlarımız inkişafdan qalıb, idarəetmə sistemi sual altına alınmalıdır - AÇIQLAMA

31.05.2019 İqtisadiyyat
0 0
“Kənarlaşma 1 faiz olar, 2 faiz olar, hətta 5 faiz, 10 faiz də ola bilər, amma 40 faiz, 50 faiz, 60 faiz ola bilməz və olmamalıdır. Kənarlaşma bu həddə çatıbsa, idarəetmə sistemi dərhal şübhə altına alınmalıdır”.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı ekspert bölgələr üzrə əməkhaqlarının məbləğinin kəskin fərqlənməsinə münasibət bildirərkən deyib. O, bildirib ki, regionlar ilə Bakı şəhərinin inkişaf səviyyələri arasında dərin uçurum əmələ gəlib və Regionlar ölkə üzrə orta səviyyədən çox kənarlaşıb.

İqtisadçının sözlərinə görə, orta aylıq əmək haqqı göstəricisinə dair 01.04.2019-cu il tarixə açıqlanan rəsmi məlumatların müqayisəli təhlili göstərir ki, regionların sosial-iqtisadi vəziyyəti olduqca ağırdır: "Orta aylıq əmək haqqı göstəricisi Bakı şəhəri üzrə nisbətən yüksək olsa da, ölkə əhalisinin tam əksəriyyətinin məskunlaşdığı bölgələrdə çox aşağı səviyyədədir.

Respublikanın ən böyük iqtisadi rayonu olan Aran iqtisadi rayonunda orta aylıq əmək haqqı 195 dollara yaxındır. Halbuki bu göstərici Bakı şəhəri üzrə 481 dollar, ölkə üzrə isə 340 dollardır. Deməli, iqtisadi rayonun orta aylıq əmək haqqı göstəricisi Bakı şəhəri üzrə orta göstəricidən 59,6 faiz və ya 286 dollar azdır.

Aran iqtisadi rayonu bu göstəriciyə görə ölkə üzrə orta səviyyədən 43 faiz aralı (aşağı) düşüb. İqtisadi rayona daxil olan Zərdab (163 dollar), Bərdə (168 dollar), Ağdaş (170 dollar) Ağcabədi (171 dollar), Göyçay (172 dollar), Sabirabad (172 dollar) rayonlarında əhalinin yaşayış vəziyyəti daha ağırdır".

N. Əliyevin sözlərinə görə, Şəki-Zaqatala iqtisadi rayonunda orta aylıq əmək haqqı səviyyəsi vur-tut 182 dollardır. Bu göstərici ilə iqtisadi rayon Bakı şəhəri üzrə orta göstəricidən 62 faiz, ölkə üzrə orta göstəricidən isə 46 faiz geridə qalıb. Lənkəran, Dağlıq-Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax iqtisadi rayonları da oxşar taleləri yaşayırlar.

Ən aşağı orta aylıq əmək haqqı göstəricisi Yuxarı-Qarabağ iqtisadi rayonundan məcburi köçkün həyatı yaşayan işçilərə verilən əmək haqqıdır (177,6 dollar).

"Aparılan hesablamalar göstərir ki, bütün iqtisadi rayonlar üzrə orta aylıq əmək haqqı 211 dollardır. Bu, çox aşağı göstəricidir. 211 dollarla region əhalisinin indiki zamanda aylıq problemlərinin öhdəsindən gələ biləcəyini düsünmək sadəlövhlük olardı. İstənilən bir səhiyyə müəssisəsinin ilk həmləsi ilə bu vəsaitdən əsər-əlamət qalmayacağını bilməyən yoxdur. Belə şərtlər altında 211 dollarla yaşamağın nə qədər çətin olması heç kəsə sirr deyil".

N. Əliyev onu da qeyd edib ki, normal şəkildə izahı olmayan növbəti məsələ ondadır ki, bu "211" göstəricisinə ölkənin sosial-iqtisadi inkişafına 245 milyard dollar sərmayə (bunun təxminən 80 milyardının regionlara yönəldiyi bildirilir) xərclədikdən sonra nail olunub: "Səbəb-nəticə əlaqələri baxımından nəticə heç adekvat deyil.

Odur ki, "Daha neçə milyardları həzm-rabeədən keçirmək lazımdır ki, insanları normal əmək haqqı ilə təmin edə biləsən" sualı bu gün çox aktualdır.

211 dollar əmək haqqı səviyyəsi ilə regionlar Bakı şəhərindən 2,3 dəfə, ölkə üzrə orta səviyyədən isə 38 faiz geri düşüb.

Beləliklə, aydın olur ki, Regionlar ilə Bakı şəhərinin inkişaf səviyyələri arasında dərin uçurum əmələ gəlib və Regionlar ölkə üzrə orta səviyyədən çox kənarlaşıb. Belə bir nəticəyə gətirib çıxarmış idarəetmə sistemindən dərhal imtina olunmalıdır".

yenisabah

  • Əvvəlki

    “Təyyarə qiyməti bir az yüksək idi” - Britaniyalı diplomat

Digər xəbərlər