USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bizdən daha çox pul yığmağınıza niyə sevinirsiniz ki?!”

05.01.2021 İqtisadiyyat
0 0
Azərbaycanın dünya ticarətində və yeni ittifaqlarda yeri.

Azərbaycanda primitiv iqtisadi münasibətlərin, “dövlət kapitalizminin” ən pis formasının olması artıq heç kəsə sirr deyil. Uzun illərdir ki, Azərbaycan çoxşaxəli iqtisadi model qura, iqtisadiyyatı institutlaşdıra bilmədi – Neft Fondunun yaratdığı büdcə və iqtisadi fürsətlərdən istifadə edərək, hələ ki, yol alıb gedirik, amma hamıya da aydın olmalıdır ki, bu yol “iqtisadi dalana” dirənəcək.

Məmləkətin müstəqillikdən üzü bəri içində olduğu xroniki problemlərdən (korrupsiya, inhisarçılıq, mənur biznesi, azad olmayan məhkəmələr) çox yazıb-danışmışıq, bunları yadda saxlayaq, amma indi başqa, daha dərin problemləri və gələcəyi müzakirə etməyə cəhd edək.

Azərbaycan Beynəlxalq Təşkilatlara üzvlüyə və onlarla çoxtərəfli əməkdaşlığa həmişə qısqanclıqla yanaşıb. Düz 22 ildir ki, ÜTT-yə üzvlüklə bağlı mənasız danışıqlar aparır, AB ilə sazişi gecikdirir, Beynəlxalq İqtisadi institutlarla bağlı öhdəliklər götürməkdən imtina edir. Və bütün bunları “daxili bazarı qorumaq” üçün etdiyini bəyan etsə də, səbəb “primitiv məmur kapitalizmi” modelini qorumaqdır.

Vergi məsələsi.

Azərbaycan son 5 ildə Vergi Məcəlləsinə yüzlərlə əlavələr və dəyişikliklər edib, məqsəd o idi ki, ölkədə “kölgə iqtisadiyyatının” həcmi azalsın, məmləkətdə vergi ödəmə mədəniyyəti yaransın. Amma hökumət həmişəki kimi nəticədən başladı, səbəbləri araşdırıb bununla bağlı qərarlar ala bilmədi – bizdə “vergi verən” mədəniyyəti ona görə formalaşmır ki, dominant yanaşma “çörək verən” fəlsəfəsidir. Yəni, vətəndaş ödədiyi verginin geri dönüşünü ya görmür, ya da hiss etmir, amma hansısa məmurun müdaxiləsinin problemini daha tez həll etdiyini görür – nəticədə, “çörək verənə” sitayiş, dövlət institutlarına inamdan daha öndə olur. Bu təməl səbəbdir, bu səbəb isə seçkiyə bağlıdır, seçki institutu olmayan ölkələrdə vergi institutu da formalaşmır. Ona görə də bizim hökumət dolayı vergiləndirməyə üstünlük verir – cərimələr, pullu ali təhsil, ASAN xidmət, gömrükdə ƏDV (gömrük haqqında ayrıca bənd olacaq) və s. kimi dolayı alətlər normal vergi sisteminin olmamağının təzahürüdür. Vergi sistemi maksimum sadələşdirilməli, sahələr üzrə dövriyyədən vergi prinsipinə keçilməlidir.

Gömrük məsələsi.

Bu orqan Azərbaycanın baş bəlasıdır, məni həmişə qəzəbli gülümsəməyə vadar edən məsələ odur ki, Gömrük orqanlarının rəhbərləri tez-tez, “biz plandan artıq rüsum yığdıq, gömrük daxilolmalarını artırdıq”, kimi fəxrlə bəyanatlar verirlər. Hörmətli hökumət və gömrük orqanları, bu sahədə yığdığınız hər manat bizim – istehlakçının cibindən çıxır, çünki, istənilən gömrük rüsumumnun son ödəyicisi vətəndaşdır. Siz sərhəddəcə ƏDV-i alırsız, biznes bir cür zülmə düşür ki, onu sonra əvəzləşdirə bilsin, amma əsas yük istehlakçıya düşür – biznes son nəticədə cibindən 1 manat da olsun vergi-rüsum vermir, son ödəyici bizik, alıcılardı, yaxşı, bizdən daha çox pul yığmağınıza niyə sevinirsiniz ki?!

Azərbaycanlıların ən yaxşı bacardığı məsələ alverdir, ticarətdir, burada utanılası bir şey yoxdur, tam tərsinə, bu bacarıqdan doğan maraqları idarə etməklə Azərbaycan yeni yaranan ticarət dünyasında önəmli yer tuta bilər. Ümumiyyətlə, hökumət insanları deyil də, onların maraqlarını idarə edən sistemə keçməlidir.

Azərbaycanda gömrük siyasəti tamam yenidən formalaşmalı, gömrük orqanı dar çərçivədə fəaliyyət göstərməli, bununla da Azərbaycanı Orta Asiya, İran, Rusiya kimi bazarlara çıxış mərkəzinə çevirmək lazımdır.

Natiq Cəfərli

Ekspert

  • Əvvəlki

    “Paşinyan Azərbaycanla başqa sənədə də imza atıb” - Generaldan sensasion açıqlama

Digər xəbərlər

14.11.2024 İqtisadiyyat
Neft Pauellin şərhlərini qabaqlayır
0 0
14.11.2024 İqtisadiyyat
Almaniyanın proqnozları aşağıdır
0 0