USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

26 yaşlı milli valyutamızı nə gözləyir - EKSPERT

15.08.2018 Bank
0 0
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il keçir.

"Kommersant.az" xəbər verir ki, 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub. Yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli "Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

"Kommersant.az" ölkə iqtisadiyyatının formalaşması baxımından ən vacib atributlardan sayılan milli valyutanın dövriyyədə olduğu müddətdə keçdiyi yola iqtisadçı alim Vüqar Bayramovun şərhi ilə nəzər salacaq.

Hiperinflyasiya ilə üzləşən manat

"Müstəqil iqtisadiyyat sisteminin qurulması üçün milli valyuta vacibdir. 90-cı illərin əvvəllərində manat hiperinflyasiya ilə üzləşdi. 2000-ci illərin ortalarında denominasiya baş verdi. Manatın dəyəri 5 min vahid denominasiya edildi. Nəticədə yeni manat dövriyyəyə buraxıldı. Xüsusilə də 2010 və 2014-cü illərdə manatın möhkəmlənməsini müşahidə etdik. Bu da birbaşa ölkəyə daxil olan neft pulları ilə bağlı idi. 2010-2012-ci illərdə neftin dünya bazarında qiymətinin yüksək olması Azərbaycana böyük həcmdə valyutanın daxil olmasına gətirib çıxardı. 2011-ci ildə Azərbaycan 51 milyon ton neft hasil etdi. Bu, ölkənin neft hasilatı dövründə ən yüksək illik rəqəm hesab olunur. Həmin dövrdə yalnız Dövlət Nef Fondunun illik gəliri 20 milyard dollara yaxın idi. Ölkəyə təxminən 35 milyard dollara yaxın neft pulları daxil olmuşdu. Bu da manatın həmin dövrlərdə möhkəmlənməsinə gətirib çıxardı. Sonradan neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində ölkəyə daxil olan valyutanın həcminin azalması manata təzyiqi artırdı. 2015-ci ildə iki devalvasiyanın şahidi olduq. Manat neftin qiymətinin dünya bazarında aşağı düşməsi kontekstində xarici valyutalara nisbətən öz dəyərini itirdi".

Mövcud kursun müəyyənləşməsində Mərkəzi Bankın rolu

"2017-ci ilin fevralından etibarən manatın stabilləşməsi müşahidə edilir. Lakin hazırda region milli valyutalar üçün heç də xoş dövr deyil. Türkiyə, Rusiya və İranda milli valyutanın ucuzlaşması müşahidə olunur. Türkiyədə lirənin çöküşü baş verdi. İranda milli valyuta praktik olaraq dəyərsizləşdi. Son 1 ayda rublun 8%-ə yaxın dəyər itirməsi müşahidə olundu. Bütün bunlar da təbii ki, manata təsir edən faktorlardır. Mövcud kursun müəyyənləşməsində Mərkəzi Bankın birbaşa rolu var. Onun qarşısında duran prioritet məsələ manatın bazar dəyərinin müəyyənləşdirilməsinə nail olmaq, onun tam üzən məzənnəyə keçidini reallaşdırmaqdan ibarətdir. Mərkəzi Bank birmənalı şəkildə valyuta bazarına təsir imkanlarını qoruyub saxlayır. Valyuta bazarının liberallaşdırılması və manatın bazar dəyərinin müəyyənləşdirilməsinə ehtiyac var. Bu yolla milli valyutanı "xarici şoklar"dan sığortalamaq olar.

Ümid edək ki, manat yaxın zamanlarda öz bazar dəyərini alaraq xüsusilə də xarici şoklardan, dünya bazarında neftin qiymətinin dəyişməsindən, xarici ticarət tərəfdaşlarımızdakı məzənnələrdəki dəyişikliklərdən sığortalanmış olacaq. Daha dayanıqlı, eyni zamanda üzən məzənnə rejiminə uyğun olaraq formalaşmış manat dəyərini müşahid edə biləcəyik".

Manatın taleyi necə olacaq?

Gələcək dövrdə məzənnənin dəyişməsinə ən çox təsir göstərəcək valyuta rubl olacaq. Bu onunla bağlıdır ki, Azərbaycanın qeyri-neft ixracının 34%-i Rusiyanın payına düşür. Bu isə yarım milyard dollardan artıq məbləğ deməkdir. Azərbaycanın aqrar məhsullarının 90%-i Rusiya bazarına çıxarılır. Əgər rubl ucuzlaşmasına davam etsə və manat məzənnəsini qoruyub saxlasa, o zaman Azərbaycan məhsulları Rusiya bazarlarında bahalaşacaq. Bu da qeyri-neft ixracatına mənfi təsir göstərəcək. Neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı çox vacibdir. Bu gün Azərbaycan ixracatının 90%-ni neft məhsulları təşkil edir. İxracat ən azı 50%- ə qədər endirilsə, "xarici şoklar"ı kifayət qədər minimuma endirmək mümkün olacaq.