USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Siz bir düşünə bilərsiniz, göydən mərmi yağır, amma pambıqçılar sahədədilər...” - Aqil Abbas

05.11.2020 Siyasət
0 0
İçi biz qarışıq hamı müharibədən, döyüşlərdən yazır. Arxa cəbhəni unuduruq. Arxa cəbhə olmasa, yəni arxa cəbhə ön cəbhəyə xidmət eləməsə ordumuz belə zəfərlər qazana bilməz.

II Dünya müharibəsi zamanı belə bir şüar vardı: «HƏR ŞEY CƏBHƏ ÜÇÜN, HƏR ŞEY VƏTƏN ÜÇÜN!» . İndi bu gün də bu, bütün Azərbaycanın şüarına çevrilmişdi: «HƏR ŞEY CƏBHƏ ÜÇÜN, HƏR ŞEY VƏTƏN ÜÇÜN!»

«Dolu» da belə bir yer var, Katib deyir ki, burda şəhərlərini qoruyan camaat var, özü də güllə altında yaşayırlar.

İndi güllə yox ey, bomba, raket altında yaşayan və «Hər şey cəbhə üçün!» deyib çalışan camaatımızdan yazmaq istəyirəm.

Ağcabədi rayonu. Hər gün rayonun Qiyamadınlı, Arazbar, Minaxorlu, Bayat, İmamqulubəyli, Qaraxanlı və Hacılar kəndləri minaatanlarla, ağır artileriyalarla, raketlərlə atəşə tutulur.

Hacılar mənim doğulduğum kənddi. İndiyədək bu kəndə üç yüzmü, beş yüzmü mərmi düşüb. Hətta qəbiristanlığı da vurublar. Kənddə qırxa yaxın ev dağılıb. Çoxu da lap yararsız hala düşüb. Elə doğulduğum Ocağa da, pirlərimizə də (Seyid Heydər Ağanın və Seyid Məhəmməd Ağanın, Seyid Məhəmməd Ağanın piri də çox ciddi xəsarət alıb) mərmilər düşüb. Şükürlər olsun ki, ölüb-itən, yaralanan yoxdu. Camaat deyir ki, bizi əsgərlərimiz və bir də seyidlərin cəddi qoruyur.

Seyidlərin cəddi cənabi Peyğəmbər xatirinə Allah bütün əsgərlərimizi qorusun!

Və bu kəndlərin camaatı heç nədən çəkinmədən ön cəbhə üçün çalışırlar.

Pambıq, bilməyənlər üçün deyirəm, strateji bitkidir. Təkcə hərbdə əlli məqsəd üçün istifadə olunur. Birini deyim qırx doqquzu qalsın: barıt da pambıqdan hazırlanır.

Və bu atəşin altında çalışan qeyrətli əməkçilərimiz bu günə qədər 28 min tona yaxın pambıq yığıb dövlətə təhvil veriblər. Elə sahələr var ki, hətta 65 sentner məhsul götürülüb. ANAMA da sağ olsun ki, pambıq sahələrinə düşüb partlamayan mərmiləri zərərsizləşdirir ki, insanlar zərər görməsin. Siz bir düşünə bilərsiniz, göydən mərmi yağır, amma pambıqçılar sahədədilər, pambıqyığan maşınlar sahədədi. Artıq onlar qorxu hissini çoxdan unudublar.

Eləcə də qarğıdalı, silos, çuğundur artıq yığılıb dövlətə təhvil verilib. Min tonlarla taxıl istehsal olunub. HƏR ŞEY CƏBHƏ ÜÇÜN!

Eləcə də həm Bərdə şəhəri, həm də kəndləri atəş altındadı. Nə qədər dinc əhali şəhid olur, nə qədəri yaralanır. Amma buna baxmayaraq, «HƏR ŞEY CƏBHƏ ÜÇÜN» Bərdə camaatının əsas şüarına çevrilib. Bu günədək bərdəlilər 26 min ton (hər hektardan 35 sentner) pambıq yığıblar. Hər gün zavodlara 1000-1200 ton pambıq göndərilir. Silos, qarğıdalı, taxıl yığımı çoxdan başa çatıb, hazırda tərəvəz yığımı davam edir. Hazırda atəşin altında payızlıq taxıl əkini aparılır. Torpaq şumlanır, arata qoyulur.

Həm ağcabədililərin və bərdəlilərin oğulları ön cəbhədə vuruşur , həm də ataları arxa cəbhədə onlar üçün və bütün əsgərlərimiz üçün yorulmadan çalışırlar.

Növbəti dəfə Tərtər, Füzuli, Ağdam və Goranboy rayonlarından, bu rayonların igid camaatından yazacam.

Özü də bu yazdıqlarımı havadan götürməmişəm , özüm canlı şahidiyəm. Həmin arxa cəbhədə çalışan o kənd əməkçiləri ilə söhbət eləməyin, çay içməyin (bəzən ayaqüstə) ayrı ləzzəti və ayrı dadı var.

Dövlət Statistika Komitəsindən də bir xahişim var. Yaxşı olar ki, saytınızda pambıq yığımı ilə əlaqədar gündəlik məlumatı yerləşdirəsiniz. Başqa mətbuat orqanlarını deyə bilmərəm, mən həmin məlumatı qəzetimizin (“Ədalət” qəzeti – red) 1-ci səhifəsində dərc edəcəm.

Saytınıza baxdım, belə bir məlumatla rastlaşmadım. Bəzi rayonların məlumatları isə çox köhnədi, hətta 2019-cu ilin məlumatıdı.

Aqil Abbas

Milli Məclisin deputatı