“Həmişə qiymət artımı ilə bağlı fikrimi bildirəndə imtina etdiyimiz sovet dövrünü misal çəkirəm. İkinci Dünya müharibəsindən sonra hər kəs aprelin 1-ni gözləyərdi ki, ucuzlaşma olsun. Bizdə isə insanlar il uzunu ürəklərində daim qorxu keçirirərək hansısa sahədə qiymət artımı olacağını gözləyirlər. Hamı bilir ki, iqtisadiyyatın inkişafı, əhalinin güzəranı birbaşa yanacağın qiymətləri ilə bağlıdır. Yanacağın qiyməti isə daim artır. Biz onun qiymətinin azalan gününü görmədik axı...”
Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat qeyd edib ki, enerji daşıyıcılarının qiymətinin qaldırılması daşınma və digər xərclər də artır: “Tarif Şurasının qəbul etdiyi yeni qərarın benzinin pərakəndə satış qiymətinə təsir etməyəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə inanmıram, çünki təcrübə göstərir ki, belə qərarlardan bir müddət sonra pərakəndə satış qiymətləri də qalxır. Elə yanacağın və benzinin qiyməti də. Tarif Şurasına səslənirəm, sizin sözünüzə etibar yoxdur! Axı tarix sizi etibarsız bir qurum kimi qəbul edib! Hamı sizi yalnız qiymət qaldıran, xalqın güzəranını pisləşdirən biri kimi tanıyır... Bu xalqdan nə istəyirsiz? O vaxt nağıllardan, tarixdən pis padşahların, hökmdarların vergiləri artırdıqları barəsində oxuyardıq. Buna görə də ölkədə əhalinin güzəranı pis gündə olardı. İndi ki Azərbaycanın Müzəffər Ali Baş Komandanı ölkəmizin iqtisadiyyatını yaxşı yönəldir. Prezidentin siyasəti nəticəsində ölkəyə valyuta gəlir. Xüsusilə də Ukrayna hadisələrindən sonra enerji daşıyıcılarımızın qiyməti də artıb. Bəs yaxşı, Tarif Şurası, nə üçün buna zidd hərəkətlər edirsən? Başa düşə bilmirəm... Dəfələrlə Milli Məclisdə, müsahibələrimdə qiymət artımını kəskin şəkildə pisləmişəm. Hətta bunu çox ciddi nöqsan hesab etmişəm. Bilirəm ki, çoxları buna görə mənə mənfi şeylər yazırlar, korrupsionerləri, rüşvətxorları və qiyməti artıranları “yeddi başlı əjdaha”ya bənzətmişəm və Prezidenti bu başları kəsməyə çağırmışam. İndi bir çoxları buna görə məni lağa qoyur. Axı bunlar xalqın güzəranını pisləşdirirlər! Azərbaycan Respublikasının inkişafının qarşısını kəsirlər! Xalq daha da pis vəziyyətə düşür... Axı biz buna layiq deyilik... Nə üçün pensiya, əməkhaqqı və s. verəndə dünya qiymətlərindən danışmırıq? Amma qiymət artıran kimi, o saat deyirik ki, bütün dünyada qalxıb, bizdə də qalxmalıdır. Dünyada əməkhaqqı, pensiya da artıb. Yaxşı, onda bizdə niyə bunlar qalxmır? Orada dolanışıq yüksəkdir, bizdə niyə deyil? Avropa İttifaqı ilə özümüzü müqayisə edirik. İttifaqda ortalama ümumdaxili məhsul adambaşına 20 min dollardan çoxdur. Bizdə isə 5 minə hələ indi-indi çatır. Axı belə müqayisə olmaz... Riyazı hesablama aparıb göstərmişdim ki, Azərbaycanda ümumdaxili məhsul əslində 100 milyarddan yuxarıdır. Ölkədən çıxarılan bütün pulları hesablasalar, bu, 200 milyard dollardan artıqdır. Bizdə isə ümumdaxili məhsul təxminən 50 milyard dollar hesab olunur. Bu da faktiki layiq olduğumuz dolanışıqdan 4-5 dəfə aşağı göstəricidir”.