USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanda nə baş verir? - "Hakimiyyət çalışır ki...", AÇIQLAMA

09.03.2023 Siyasət
18 2
“Bu qanun layihəsi geniş kütləyə təsir edən layihə idi. Ona görə də belə kütləvi narazılıq baş verdi”.

Kommersant.az xəbər verir ki, Gürcüstanda keçirilən etiraz aksiyalarını şərh edən politoloq Fərhad Məmmədov deyib.

Artıq iki gündür Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyası keçirilir. Vətəndaş cəmiyyəti nümayəndələri parlamentdə müzakirə edilən "Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə etiraz ediblər. Aksiyaçılar "xarici agentlər” haqqında qanun layihəsinin "rus qanunu” olduğunu və onun Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasını ləngidəcəyini bildiriblər.

Fərhad Məmmədov aksiyaların səbəbini qanun layihəsinin birbaşa Gürcüstandakı qərbyönümlü kəsimə təsir etməsi ilə əsaslandırıb:

"Xarici agentlər" haqqında qanun böyük ictimai narazılığa səbəb oldu. Əsas səbəb ondan ibarətdir ki, Gürcüstan Cənubi Qafqazda beynəlxalq təşkilatların mərkəzi ofislərinin yerləşdiyi ölkədir. Bütün regional ofislərin demək olar ki, hamısı Gürcüstandadır. Bu sahədə on minlərlə insan çalışır. Eyni zamanda ənənəvi diplomatik korpusla yanaşı, həmin beynəlxalq təşkilatların əməkdaşları da Gürcüstanda yaşayır, bu da minlərlə xarici əməkdaş deməkdir. Burada xidmət sektoru da maraqlıdır ki, o insanlar Gürcüstanda qalsın. Eyni zamanda ABŞ və Avropa İttifaqı da bu qanunun qəbuluna qarşıdır".

Aksiyanın ümumi gedişatı haqqında danışan politoloq qeyd edib ki, bu etirazın bir siması, lideri yoxdur:

“Yəni hər hansısa bir siyasi partiyanın, siyasi liderin rəhbərliyi ilə aksiyalar keçirilmir, xaotikdir. Bu da onu deməyə əsas verir ki, etirazların səngiməsi gözləniləndir”.

Fərhad Məmmədovun fikrincə, qanun layihəsi müəyyən müddətə geri çəkildikdən və ya ümumiyyətlə ləğv edildikdən sonra müxalifət çalışacaq ki, etirazlar onların öz maraqları çərçivəsində davam etsin:

"Amma Gürcüstan müxalifətinin hazırda gücü o dərəcədədir ki, kritik sayda kütləni meydanlara toplaya bilmirlər. Mixeil Saakaşvilinin ölüm ayağında olması belə kritik rəqəmin - 30-40 min insanın toplaşmasına səbəb olmadı".

"Hökumət qanun layihəsini geri çəkilməklə çalışır ki, etirazların miqyası azalsın və öz hakimiyyətlərini qoruya bilsinlər", deyə Fərhad Məmmədov əlavə edib.