USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avqustda Ramiz Mehdiyevlə bağlı kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib

21.10.2025 Siyasət
0 0
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bir sıra təfərrüatlar məlum olub.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı olub.

Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Onlar bu məqsədlə DTX-nin vəsatəti əsasında cinayət işinin materialları ilə Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.

Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatı və digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.

Bundan əlavə, mətbuatda dərc edilən məlumatlarda Ramiz Mehdiyevin vəkili kimi yalnız Zaur Abıyevin adı hallanır. Lakin məlumata görə, R.Mehdiyevin bir yox, üç vəkili var. Hələlik digər iki vəkilin adı ictimaiyyətə açıqlanmır.

Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.