Qarabağ Azərbaycandır!

Banklarda pulu olanların nəzərinə - 2 AYDAN AZ VAXT QALDI

15.01.2019 Sosial
Hazırda banklarda fiziki şəxslərə məxsus olan 15 faizə qədər manat əmanətləri, xarici valyutada isə 3 faizdən yuxarı olmamaq şərtilə bütün əmanətlər sığortalıdır. 2016-cı il martın 4-dən tətbiq edilən bu qayda 3 il müddətinə qüvvədədir. Yəni 50 gün sonra artıq bu müddət bitir.

"Kommersant.az" xəbər verir ki, əgər bu müddət uzadılmasa, vətəndaşların banklarda olan vəsaitinin yalnız 30 min manatı kompensasiya ediləcək.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, pul dövriyyəsinin normal qaydada təmin edilməsi üçün bütün əmanətlərin qorunması müddətinin artırılması gözlənilir.

Rəşad Həsənov onu da qeyd edir ki, hazırda bankların əmanət qəbul etmə faizi də aşağı düşür. İndi əksər banklar 12-13 faiz gəlir təklif edirlər. Buna səbəb isə bankların topladıqları əmanətləri realizə etməkdə çətinlik çəkməsidir. Bundan başqa ötən ilin dekabr ayına banklarda olan əmanətin həcmi 8.2 milyard manatdan 8.07 milyard manata qədər azalıb.

Əgər müddət uzadılmasa, ekspertlər əmanətləri sığortalı olsun deyə 30 min manatdan yuxarı olmamaq şərtilə bir neçə bankda yerləşdirməyi təklif edirlər.

XezerXeber