Qarabağ Azərbaycandır!

Yas çadırları neçəyədir? - QİYMƏTLƏR, SİYAHI

17.09.2018 Sosial
Təxminən 10 il əvvəl küçədə qurulan yas çadırlarının yığışdırılması məsələsi gündəmə gəlmişdi.

"Kommersant.az" xəbər verir ki, buna baxmayaraq hərəkətə maneə yaradan çadırlara tələbat o qədər də az deyil. İmkanlı şəxslərin seçimi VİP çadırlar, nisbətən imkansızların seçimi isə adi çadırlar olur.

Bəs insanları təbəqələrə ayıran həmin çadırların icarəsi neçəyə başa gəlir?

Sualımıza cavab tapmaq məqsədi ilə yas çadırları kirayə verən bir neçə şəxslə və mərasim evləri ilə əlaqə saxladıq. Araşdırma nəticəsində öyrəndik ki, mərasim evlərinin əksəriyyəti çadır icarəyə vermir. "Dərnəgül mərasim evi" və "Təzə Pir mərasim zalı"nda isə çadır kirayəsinin qiyməti belədir:

"Dərnəgül mərasim evi"ndə 250 nəfərlik sadə çadırın qiyməti 500 manat, VİP çadır isə 1800 manatdır. VİP çadırlar kondisionerlə təchiz olunur. Sadə çadırla birikdə yemək xidməti isə 10-12 manata başa gəlir. Hər iki çadırdakı xidmətə ofisiantlar, çayçılar, qabyuyan və s. daxildir.

"Təzə Pir mərasim zalı"nın əməkdaşının sözlərinə görə, sadə və VİP çadırlar bağlanma qaydasına, işçi qüvvəsinin çox olmasına görə fərqlənir. Belə ki, VİP çadırları döşəməsiz qurmaq olmur. 250 nəfərlik sadə çadırlar 1300-1400 manata, VİP isə 1800 manata icarəyə verilir. Ayaqyolu isə hər çadıra görə 200 manatdır. Zalın işçisi bildirdi ki, əvvəllər ayaqyolu ilə birlikdə VİP çadır kirayəsi 2500 manata təklif edilirdi.

Badamdar qəsəbəsi, Neftçilər küçəsi 83-də yerləşən mərkəzdə isə 250 nəfərlik VİP çadır (Almaniya istehsalıdır) 1500 manata başa gəlir. Çadır 15 metr hündürlükdədir. Sadə çadırlar 200 nəfər üçün nəzərdə tutulub. Qiyməti isə 800 manatdır.

N.Nərimanov rayonu, Təbriz küçəsində yerləşən mərkəz isə 320 nəfərlik sadə çadırları 800 manata icarəyə verir. VİP çadırlar isə 200 nəfərlik tutuma malikdir. Qiyməti 1300 manatdır. 200 nəfərlik çadır üçün yalnız 50-100 manat endirim edilə bilər.

Göy məscidin yaxınlığında yerləşən mərkəz 120 nəfərlik sadə çadırın kirayəsini 250 manata təklif edir. VİP çadırlar isə mərasim sahibinə 1500-2000 manata başa gəlir.

28 may metrostansiyası ətrafında yerləşən mərkəzdə isə sadə çadırların icarə qiyməti 800 manat, VİP çadırların icarə qiyməti isə 1400-1500 manatdır. Ayaqyolu xidməti üçün əlavə 150 manat ödənilməlidir.

Müqayisə üçün qeyd edək ki, mərasim evlərində yas mərasiminin keçirilməsi 400-600 manata başa gəlir.