Qarabağ Azərbaycandır!

Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı artıb - RƏSMİ

20.09.2018 Sosial
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Kommersant.az" xəbər verir ki, gələnlərin 31,6%-i Rusiya, 19,5%i Gürcüstan, 9,8%-i Türkiyə, 9,4%-i İran, 3,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,6%-i İraq, 2,0%-i Ukrayna, 21,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Bəs onlardan neçəsi Azərbaycan vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib?

Qurumdan "Kommersant.az"-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirdilər ki, 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 430 nəfər (övladları ilə birlikdə 448 nəfər) müraciət edib. Bu isə ötən ilin müvafiq dövrü (2017-ci ilin 20 sentyabr tarixinədək) ilə müqayisədə 20 nəfər və ya 4,7% çoxdur.

Qeyd edək ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"nin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir və ərizə-anketə müvafiq sənədlər əlavə edilir.

2001-ci il 4 dekabr tarixli "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 14-cü bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatət qaldıran şəxs 110 manat məbləğində dövlət rüsumu ödəməlidir.

Qeyd edək ki, Türkiyə vətəndaşlığını almaq üçün investisiya limiti təyin edilib. Belə ki, Türkiyədə investisiya limiti biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün 500 min dollar, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 500 min dollar təşkil edir. Almaniyada isə həmin ölkənin bir neçə vətəndaşına iş qurub onları maaşla təmin edən şəxs vətəndaşlıq əldə etmək hüququ qazanır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Hüquqşünas Xəyal Bəşirov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün qanunvericilikdə investisiya limiti tələbi nəzərdə tutulmur:

"Vətəndaşlıq əldə etmək istəyən şəxsin normal gəlir mənbəyi olmalıdır. Əgər heç bir gəlir mənbəyi yoxdursa, bu, vətəndaşlığa qəbula mane olan hal hesab olunur".