USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rusiya 2018”: İsveç və İngiltərə milliləri yarımfinala vəsiqə uğrunda qarşılaşırlar

07.07.2018 İdman
1 0
İyulun 7-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə İsveç-İngiltərə oyunu ilə start verilib.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, “Samara Arena”da keçilən görüşdə İsveç millisinin heyətində meydana Robin Olsen, Viktor Lindelef, Andreas Qrakvist, Emil Kraft, Ludviq Auqustinsson, Sebastyan Larson, Albin Ekdal, Viktor Klasson, Emil Forsberq, Markus Berq, Yula Toyvonen çıxıblar.

İngiltərə millisinin start heyətində isə Cordan Pikford, Kayl Volker, Con Stounz, Hari Maquayer, Deli Alli, Cordan Xenderson, Cessi Linqard, Kiran Trippyer, Eşli Yanq, Rəhim Sterlinq, Hari Keyn yer alıblar.

Görüşü hollandiyalı Byörn Kuypers idarə edir. Qarşılaşma İdman Azərbaycan Televiziyasında canlı yayımlanır.

Qeyd edək ki, İsveç səkkizdəbir finalda İsveçrəyə 1:0 hesabı ilə qalib gəlib. İngiltərə isə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edib.

Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. İlk dəfə 2002-ci il mundialında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. 2010-cu ildəki dünya çempionatındakı görüşdə də qalib müəyyənləşməyib – 2:2. Dünya çempionatları tarixində beş dəfə dörddəbir finala vəsiqə qazanan İsveç yığması 1938-ci, 1958-ci və 1998-ci illərdəki mundiallarında yarımfinala yüksəlib. 1966-cı ildə mundialın qalibi olan İngiltərə 2006-cı il dünya çempionatından sonra ilk dəfə dörddəbir final mərhələsində mübarizə aparır. İngilislər 1990-cı ildəki dünya çempionatından sonra bu mərhələni keçə bilmirlər.

İsveç 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi edib. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).

İndiyədək 14 dəfə mundiallarda iştirak edən “dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.

İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.

Bu oyunun qalibi yarımfinal mərhələsində Rusiya-Xorvatiya yığmalarının qalibi ilə qarşılaşacaq.

Günün digər oyununda Rusiya və Xorvatiya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı braziliyalı referi Rikki Sandroidarə edəcək. Matç Soçidəki “Fişt Arena” stadionunda oynanılacaq.

Mundialın yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.