Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni-yeni tut bağları salınır, ipəkqurdunun bəstələnməsi üçün tikililər inşa olunur. Baramaçılığın inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 20 min 580 ədəd tut tingi əkilərək becərilməsi üçün kümçülərə paylanılıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınan 1900 ədəd ting rayona gətirilərək Dövlət Torpaq Fondunda əkilib. Tinglərin əkilməsində mütəxəssislər yaxından iştirak ediblər. Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizə olunur.