Gəlirli olduğundan maraq artıb - hektardan 50-60 ton məhsul götürəcəklər

28.06.2018 Aqrar
Bu il Salyan rayonunda 20 hektardan çox sahədə bibər əkilib. Bu sahə gəlirli olduğundan məhsul istehsalçıları bu bitkinin əkininə xüsusi maraq göstərirlər.

Rayonda bibər əkini ilə ən çox Parça Xalac və Çuxanlı kəndlərində fəaliyyət göstərən torpaq mülkiyyətçiləri məşğul olurlar. Fermerlər aprel ayında sahələrə köçürdükləri şitillərə aqrotexniki qaydada qulluq göstərdikləri üçün bol məhsul yetişib. Bir neçə gündən sonra yetişmiş məhsulun yığımına başlanacaq.

Məhsul istehsalçısı Nəbi Xəlilov bildirib ki, bitkiyə nümunəvi qulluq etdiyimizdən bol məhsul yetişib. Artıq məhsul yığımı üçün bütün hazırlıq işlərini görmüşük: “Məhsulun satışında heç bir çətinliyimiz olmur. Yetişdirdiyimiz bibəri ya özümüz bazara çıxarırıq, ya da alıcılar sahəyə gələrək alıb aparırlar”, deyə fermer vurğulayıb.

Bibərin hər kiloqramı alıcılara 35-50 qəpik arası təklif olunur ki, bu da həm təsərrüfat sahiblərinə həm də alıcılara sərf edir. Təsərrüfat sahiblərinin dediyinə görə bu il hər hektar bibər sahəsindən 50-60 ton məhsul götürmək olacaq. Bu da xeyli gəlir deməkdir. Yığım isə noyabr ayının axırlarına kimi davam edəcək.

Azərtac