Ölkə üzrə bu ilin birinci rübündə ümumən 11 milyard 663 milyon manat kredit verilib.
“Kommersant.Az” xəbər verir ki, bunun 1 milyard 798 milyon 800 min manatı dövlət banklarının, 9 milyard 450 milyon 700 min manatı özəl bankların, 413 milyon 900 min manatı isə qeyri-bank təşkilatlarının payına düşür.
Ötən ilin sonu ilə 2018-ci ilin birinci rübünü müqayisə etdikdə dövlət banklarının kredit portfelində 6%-lik azalma müşahidə olunur. Belə ki, 2017-ci ilin sonun da dövlət bankları 1 milyard 916 milyon manat kredit veriblər. Özəl banklar haqqında isə onu demək olar ki, 2018-ci ilin birinci rübünün sonunda kredit portfelində artım baş verib.
2017-ci ilin sonuna olan hesabat məlumatlarına görə, qeyri-bank təşkilatlarının müvafiq müddət çərçivəsində 420 milyon manat kredit portfeli olub. 2018-ci ilin birinci rübünün nəticələrinə görə isə, burada 2% azalma qeydə alınıb.
Qeyd edək ki, 2018-ci ilin birinci rübündə verilən kreditlərin 7 milyard 58 milyon 400 min manatı milli valyuta, 4 milyard 605 min manatı isə xarici valyuta ilə verilib.