Metro şəbəkəsinin genişlənməsi planlaşdırılan ərazilərdə daşınmaz əmlak qiymətlərinin yüksələcəyi proqnozlaşdırılır. Yeni stansiyaların inşası həm mənzillərin, həm də kommersiya obyektlərinin bazar dəyərinə birbaşa təsir göstərən əsas amillərdən hesab olunur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Demokrat.az-a bildirib ki, nəqliyyat infrastrukturunun yaxşılaşması həmin zonaları investorlar və sakinlər üçün daha maraqlı edir.
"Çünki metro, ilk növbədə, nəqliyyat əlçatanlığını artırır. Bu da həmin ərazilərdə avtomobil tıxaclarının müəyyən qədər azalmasına səbəb olur. Urbanizasiya prosesi və Bakıya təhsil almaq üçün gələn tələbələrin daha çox metroya yaxın ərazilərdə mənzil axtarması kirayə bazarında tələbi artırır. Mərkəzə məsafə baxımından əlçatanlığın yüksəlməsi həmin əraziləri daha prioritet edir. Metro olmayan yerlərdə vətəndaşlar daha uzun məsafə qət etməli olur, lakin metro bu vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bütün bunlar isə nəticə etibarilə həmin ərazilərdə tələbin artmasına səbəb olur".
Ekspert bildirib ki, adətən, metro tikintisi ilə bağlı məlumat yayılan kimi daşınmaz əmlak bazarında qiymət artımı başlayır.
"Bu artım üç mərhələdə özünü göstərir: ilkin məlumat dövründə, tikinti prosesində və tikintidən sonra. Ümumilikdə, istismara verilməzdən əvvəl və sonra müqayisə aparıldıqda qiymətlərin təxminən 30% civarında artdığı müşahidə olunur. Qiymət artımının daha çox gözlənildiyi ərazilərə Badamdar qəsəbəsi, Yeni Günəşli, Binəqədi rayonu və Xocasən qəsəbəsi daxildir. Bu ərazilərdə yeni metro stansiyalarının tikilməsi ciddi bahalaşmaya səbəb olacaq. Mövcud metro stansiyalarına yaxın ərazilərdə isə artım daha çox lokal xarakter daşıyır. Məsələn, Sahil metro stansiyası ətrafında yeni stansiya tikilərsə, qiymət artımı əsasən həmin yeni stansiyanın yaxınlığında yerləşən binalarda müşahidə olunacaq. Çünki bu ərazilərdə artıq metro infrastrukturu mövcuddur və əlavə stansiya yalnız lokal təsir göstərir".
Qeyd edək ki, bu ərazilərdən biri də Dərnəgül metrostansiyasının ətrafıdır. Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən Dərnəgül dayanacağının tikintisinin yekunlaşması paytaxtın nəqliyyat infrastrukturunda mühüm irəliləyiş vəd edir. Turniket binaları, yerüstü keçid və dörd platforma ilə təchiz olunan bu infrastruktur Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada əlçatanlığı əhəmiyyətli dərəcədə artıracaq.