USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu audit şirkətinin rəyləri həqiqətdən uzaqdır" - EKSPERT

17.09.2018 Bank
0 0
"Audit şirkətlərinin "Böyük dördlüyü" ("Ernst&Young" (EY), "Deloitte & Touche", "KPMG" və "PricewaterhouseCoopers" (PwC)) etimadı itirməkdə davam edir".

Bunu "Kommersant.az"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, "Böyük dördlük" tədricən qlobal inhisarçı qrupa çevrilib:

"Hər bir inhisarçı isə sui-istifadəyə meyllidir. Keyfiyyət zəifləyir, qiymətlər isə artır. Qazanılan ad etimada söykənir. Şirkətlərin etimadı getdikcə sarsılır. Daha çox pul qazanmaq, yağlı müştəriləri itirməmək naminə auditorlar artıq çox şeyə gedir. Nəticədə yoxladıqları şirkətlərin maliyyə vəziyyətinə dair verdikləri rəylər daha çox həqiqətdən uzaq olur. Bu da hamıya bəlli olur. Buna bariz nümunə "KPMG"dir. Son illər ərzində Afrikada, Hindistanda, ABŞ-da, İngiltərədə, digər qitə və ölkələrdə "KPMG"nin verdiyi rəylər ciddi tənqid hədəfinə çevrilib. İngiltərədə tənzimləyici orqan hətta bu nəticəyə gəlib ki, "KPMG" üçün əsas olan gəlirdir, işin keyfiyyəti yox".

Ekspert bildirib ki, Azərbaycanda da "KPMG" hazırda "dördlüyün" ən qalmaqallı şirkətidir:

"Ölkə tarixində müflisləşmiş iki ən iri şirkətin ("Bank Standard" və "Texnikabank") auditoru məhz "KPMG" olub və illər boyu müsbət rəylər verib. İndi isə bəlli olub ki, həmin bankların vəziyyəti artıq çoxdan pis idi, lakin "KPMG" bunu görə bilməyib və ya görmək istəməyib. Məsələn, "Bank Standard"ı müflisləşmədən 2 il öncə yoxlayanda itkilərini 7 milyon manat, 1 il əvvəl yoxlayanda isə 110 milyon manat kimi göstərib. Müflisləşəndə isə "KPMG" itkilərin 1 milyard manatdan çox olduğunu etiraf edib. Bu qədər fərq 1 ilə yarana bilməzdi axı. "KPMG" işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən "Artsaxbank"ın da auditoru olub".

Hüquqşünas vurğulayıb ki, "dördlük" bazarda qalmaq üçün inhisarçılıqdan əl çəkməlidir:

"Azərbaycanda "dördlüklə" əsasən banklar, sığorta şirkətləri və iri dövlət şirkətləri işləyir. Yerli şəraiti də nəzərə alaraq, sadalanan qurumların hesabatlarına dair verilən rəylər ciddi şübhələr doğurur. Xüsusən də "KPMG"nin etdiklərindən sonra. Bu isə ölkəmizə sərmayələrin cəlb edilməsini mümkünsüz və ya bahalı edir. Buna görə də Azərbaycan qlobal trendləri izləməli və daha etibarlı auditorlara üstünlük verməlidir".

Ə.Həsənov qeyd edib ki, inhisarçılıq hissi "Böyük dördlüyü" daha çox sui-istifadələrə qərq edib:

"İstədikləri rəyi verirlər. Yəni hər şeyin qiyməti var, vəssalam. Bu isə qlobal iqtisadiyyat üçün ciddi təhlükədir. İnvestorlar və kreditorlar məhz audit liderlərinin rəyinə əsaslanaraq iri sərmayələr qoyur. Auditorlara etimad azaldıqca sərmayələr də azalır, risklər artır. Bu şəraitdə yəqin ki, ən düzgün yol audit bazarında inhisarçılığın tənzimlənməsidir. Audit şirkətlərinin iş həcminə məhdudiyyət qoyulmalıdır, maraqlar konfliktlərin kökündə dəf edilməlidir və s.. Belə olarsa, "dördlükdən" sonra gələn auditorların rolu artacaq. Məsələn, "BDO", "Baker Tilly" və s. Əks halda, audit xidmətlərinin özü dünyada tam nüfuzdan düşəcək".

Qeyd edək ki, "Ernst&Young" (EY), "Deloitte & Touche", "KPMG" və "PricewaterhouseCoopers (PwC)"in daxil olduğu "Böyük dördlük" audit, təminat xidmətləri, idarəetmə məsləhətləri, korporativ maliyyə və hüquqi xidmətləri təklif edən dünyanın ən böyük xidmət şəbəkəsidir.

İlkin variantda "Böyük səkkizlik" adlanan qrup 2002-ci ildə "Enron işi"ndən sonra "Böyük dördlük" adlandırılmağa başlandı. Xatırladaq ki, "Enron qalmaqalı"na görə şirkətin vitse-prezidenti Klifford Bakster intihar etmişdi. Şirkət saxta hesabatları saxtalaşdırmaqla investorları aldatmaqda ittiham edilirdi.

2017-ci ilin göstəricilərinə görə, "Deloitte & Touche"ın gəlirləri 38,8 milyard dollar, "PricewaterhouseCoopers"in (PwC) gəlirləri 37,7 milyard dollar, "Ernst&Young"ın (EY) gəlirləri 31,4 milyard dollar, "KPMG"nin gəlirləri isə 26,4 milyard dollar təşkil edib.