Vergi Məcəlləsində edilmiş dəyişikliklə bağlı müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarda işçilərlə əmək müqaviləsi imzalanması ilə bağlı suallar yaranıb.
"Kommersant.az" xəbər verir ki, işçi ilə əmək müqaviləsi bağlamağın sahibkara hansı üstünlükləri verəcəyi ilə bağlı ətraflı məlumat verən iqtisadçı- ekspert Rauf Qarayev bildirib ki, "Vergi Məcəlləsində və pensiya haqqında qanunda edilmiş dəyişikliyə əsasən sahibkar işçinin əmək haqqından 8000 manata qədər vəsait tutaraq vergiyə köçürmür. İşəgötürən üçün mənfəət ona görədir ki, o verdiyi əmək haqqıdan vergi tutulmadığı üçün daha çox məbləğ qazanmış olur. İşçinin də üstünlüyü odur ki, onun əmək haqqından vergi tutulmur bu halda da daha çox gəlir əldə edir.
Vergilər Nazirliyinin bu güzəşti tətbiq etməsi birbaşa sahibkarın əmək müqaviləsi bağlamasına maraqlı olması üçün tətbiq olunub. Belə ki, sahibkar əvvəl öz hesabından hər bir işçi üçün 22% sosial sığorta ödənişi edirdi. Artıq 2019 - cu ildən bu yük azalır. Yəni işçi ilə paylaşılır. Əvvəl sahibkar 22% ödəyirdisə, indiki halda 15% vəsait ödəyəcək. Bu da sahibkarın yükünü azaldır. Ona maraqlıdır ki, işçi ilə əmək müqaviləsi bağlasın. Digər bir məqam ondan ibarətdir ki, xidməti müqavilə şərtləri sərtləşdirilib. Yəni artıq işçi ilə sahibkar daimi xidməti müqavilə bağlaya bilməyəcək.
Burada iş rejimi əsas diqqət çəkən məqamdır. Yəni xidməti müqavilə əmək müqaviləsində göstərilən iş rejimi ilə eynidirsə, artıq bu xidməti müqavilə deyil əmək müqaviləsi sayılmalıdır. Bundan əlavə xidməti müqavilə elə bir sahəyə aid olmalıdır ki, burada digər şirkətə müraciət üçün yetərli olsun. Misal üçün kompüter sahəsi üzrə işə götürənin işçisi yoxdursa, o kənardan fiziki şəxslə xidməti müqavilə bağlayaraq maksimum 6 ay gündəlik 2-3 saat gələrək şirkətin xidmətində olan kompüterləri nəzərdən keçirə bilər.
Əgər sahibkar əmək müqaviləsi bağlanmasından yayınarsa, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə azaldılmasına şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən yeni maliyyə sanksiyası 2019-cu ilin 1 yanvar tarixindən 1 il müddətində belə hala birinci dəfə yol verdikdə, yalnız vergi orqanı tərəfindən rəsmi, yəni yazılı xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbriləri zamanı 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox halda yol verdikdə 6000 manat məbləğində maliyyə cəzası tətbiq edilir".