USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi orqanlarına könüllülər cəlb ediləcək

03.03.2020 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti gənclərin vergi orqanlarında könüllü fəaliyyətinə cəlb edilməsi ilə bağlı növbəti mərhələni elan edib. Vergi sahəsində çalışmağa marağı olan şəxslər bu il martın 6-dək xidmətə müraciət edə bilərlər.

Dövlət Vergi Xidmətindən "Kommersant.az"-a verilən məlumata görə, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhərində və respublikamızın regionlarında fəaliyyət göstərən vergiödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi çalışacaqlar. Arzu edənlər qeyd olunan müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaq.

"Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları"na əsasən, qanunvericiliyin tələbləri nəzərə alınmaqla seçilən könüllülərlə 2 ay müddətinə müqavilə bağlanılır. Müddət başa çatdıqdan sonra onların fəaliyyəti müvafiq qaydada qiymətləndirilir və onlar sertifikatla təmin edilirlər.