USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yen dollara qarşı 24 illik minimuma enib

13.06.2022 İqtisadiyyat
0 0
Yaponiya yeninin ABŞ dollarına qarşı məzənnəsi enməyə davam edir. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bugünkü ticarət sessiyasında 1 dollar 135.19 yen olub. Qeyd edək ki, yapon milli valyutası 1998-ci il böhranından sonra ilk dəfə bu səviyyəyə düşüb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno hakimiyyət orqanlarının milli valyutanın ucuzlaşmasına nəzarət etdiyini vurğulayıb. Onun sözlərinə görə, hökumət və milli maliyyə tənzimləyiciləri lazım gələrsə, lazımi addımları atmağa hazırdır.

Yaponiyada milli valyutanın ucuzlaşması idxal mallarının, ilk növbədə enerjinin qiymətlərinin artmasına səbəb olur.

Yaponiya Bankının məlumatına görə, ölkədə topdansatış qiymətləri indeksi 10% artıb və bununla da 1981-ci ilin yanvarından bəri ən kəskin artımı nümayiş etdirir. Analitiklərin fikrincə, bu, ilk növbədə, anti-Rusiya sanksiyaları ilə əlaqədar enerji resursları və xammal qiymətlərinin artması ilə bağlıdır.

Ölkəyə mayeləşdirilmiş təbii qazın tədarükü hələ 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı logistik problemlər, eləcə də Çindən artan tələb səbəbindən azalıb. Bundan əlavə, dünyanın ən böyük mayeləşdirilmiş təbii qazın tədarükçülərindən biri olan Rusiyaya qarşı sanksiyalar tədarükün həcmini daha da azaldıb və qiymətlərin fırtınalı qalxmasına səbəb olub.