USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda orta aylıq əməkhaqqı bu qədər artdı

09.09.2022 İqtisadiyyat
0 0
Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və yaxud 1,7 % artaraq 1 719,1 min nəfər olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan 897,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 821,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,1 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 %-i sənaye, 8,2 %i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 14,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.