USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün 26 min abituriyent qəbul imtahanı verir

10.07.2018 İqtisadiyyat
0 0
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün V ixtisas qrupu üzrə və kolleclərə qəbul, eləcə də eksternat qaydasında buraxılış imtahanları keçirəcək.

"Kommersant" xəbər verir ki, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26014 nəfərin iştirak edəcəyi gözlənilir.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunlarının, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunlarının, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif , 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.

Şagirdlər (abituriyentlər) imtahana "İmtahana buraxılış vərəqəsi"ni, şəxsiyyəti təsdiq edən sənədin əslini, həmçinin, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.