USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrostansiyasının genişləndirilməməsinin səbəbləri: - “Bu sahədə limitlər var”

10.03.2023 İqtisadiyyat
0 0
“Bakı şəhərində yeraltı infrastruktur digər ölkələrin şəhərləri ilə müqayisədə o qədər də inkişaf etməyib. Bunun da öz səbəbləri var. Bakı şəhərində qurunt suları çoxluq təşkil edir, yeraltı sular kifayət qədərdir. Yəqin ki, elə bu səbəbdən şəhərdə metronun şaxələnməsi uğurlu həyata keçirilə bilməyib”.

Kommersant.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Bakı ərazisində metronun inkişaf etməsindən, yeni stansiyaların tikintisinə mane olan səbəblərdən danışarkən deyib.

Ekspert bildirib ki, metro tikintisinin sürətləndirilməsi, yeraltı infrastrukturun yaradılması üçün relyef buna imkan verməlidir:

“İmkan verilən yerlərdə, ərazilərdə metro xətləri çəkilir. Ötən il ərzində də Metropoliten rəhbərliyi və mütəxəssislər tərəfindən bu fikir səsləndirilmişdi ki, 2030-cu ilə qədər Bakı metrosu şaxələndirirləcək”.

Eldəniz Cəfərov qeyd edib ki, hər bir iri paytaxt şəhərinin yeraltı infrastrukturu, həmçinin yeraltı nəqliyyat vasitələri olmalıdır:

“Bunu biz metro kimi qeyd edə bilərik. Bakı şəhərində metro kifayət qədər populyardır. Açıldığı, fəaliyyətə başladığı ilk gündən şəhər sakinlərinin əksəriyyəti metrodan rahatlıqla istifadə edə bilir. Lakin son illər ərzində paytaxtın genişlənməsi, əhali sayının artması, iqtisadiyyatın böyüməsi ilə əlbəttə ki, nəqliyyat vasitələrinə tələbat daha da artıb”.

Ekspert onu da əlavə edib ki, bu gün paytaxtda ictimai nəqliyyat yalnız metro və avtobuslardan ibarətdir:

“Avtobus nəqliyyat vasitələrinin ictimai nəqliyyat vasitələri kimi vəziyyətinin o qədər də yaxşı olmaması, marşruta buraxılan avtobusların sayının az olması və dayanacaqlardan ödəmə terminallarının yığışdırılması da Bakı sakinlərini də metroya yönəldir”.

Metronun həm təhlükəsizlik, həm də daşınma baxımından qatarlar arasında interval məsələsindəki limit haqqında danışan ekspert bildirb ki, metro stansiyalarına onlarla müasir qatarlar buraxsaq da, bu qatarlar faktiki olaraq həmin marşrut üzrə hərəkət edə bilməyəcək:

“Çünki reqlamentə, təhlükəsizliyə görə qatarlar arasında müəyyən məsafə saxlanılmalıdır. Amma məsələn, avtobus nəqliyyatında bu interval olmaya bilər, marşrut xəttinə istənilən qədər nəqliyyat vasitəsi buraxmaq olar”.

Eldəniz Cəfərov qeyd edib ki, indi diqqəti yalnız metroya yönəltməməli, ictimai nəqliyyatın digər sahələrini şaxələndirmək, travmay xətlərinin çəkilməsi haqqında düşünməliyik:

“Məsələn, mən olduğum ərazilərdən sizə iki misal çəkmək istəyirəm. Estoniyanın paytaxtı Tallin şəhəri ictimai nəqliyyatın nümunəvi çalışdığı şəhərlərdən biridir. Bu şəhərdə metro ümumiyyətlə yoxdur. Vətəndaşlar yalnız yerüstü nəqliyyatdan istifadə edirlər. Onların daşınması rahatlıqla həyata keçirilir. İkinci misal isə İspaniyanın Barselona şəhəridir. Bu şəhərdə yeraltı infrastruktur çox inkişaf edib. Əsas ictimai nəqliyyat yer altında metro və yeraltı sürət qatarlarında cəmləşib. Vətəndaşlar rahatlıqla bundan istifadə edə bilirlər. Bu iki misal var və biz bu nümunələrdən yararlanmalıq. Çalışmalıyıq ki, ictimai nəqliyyatın bütün növləri şaxələnsin”.

Ekspert Xocahəsənə qədər uzadılan metro xətti daha da artmasını, Xırdalanı əhatə etməsini, Sumqayıta qədər metro stansiyaların sayı artırılımasını arzulayır:

“Lakin yalnız istəklə deyil, qeyd etdiyim kimi yeraltı relyef də buna imkan verməlidir ki, həmin ərazilərdə metro tunelləri və xətləri çəkilə bilsin”.