USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Əkdiyimiz düyüyə artıq əvvəlcədən sifarişlər almışıq”

19.07.2018 İqtisadiyyat
0 0
Lənkəranlı fermer yetişdirdiyi yerli düyünü internet vasitəsilə xarici alıcılara satır

Beş ildir çəltikçiliklə məşğul olan Rüfət Əskərov aldığı dövlət krediti hesabına çəltik sahəsinin həcmini iki dəfə artıra bilib. Fermer 20 hektar ərazidə çəltik əkib. Ən əsası isə çəltiyə qulluq zamanı aqrotexniki qaydalara tam riayət olunur.

Lənkəranın Girdəni kəndində yaşayan Rüfət Əskərov deyib:

"Çəltikçilik rentabelli sahədir, bu sahənin inkişafı üçün maddi dəstəyə ehtiyac var. Maddi resurs tapmaqda çətinlik çəkirdim, ona görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə müraciət etdim. Dövlət Xidməti müraciətimi yüksək səviyyədə qarşıladı, müraciətimə baxdılar və müsbət rəy verdilər".

Fermer bu il çox yüksək məhsuldarlıq gözləyir:

"Öz sahəmdə yerli, ənənəvi olan Həşimi toxumundan istifadə edirəm. Həşimi maraqlı çəltik növüdür. Məhsuldarlığı digər düyülərə nisbətən az olsa da, çox ətirli düyüdür. Buna görə bazarda satılan digər düyülərdən yaxşı mənada fərqlənir. Yerli Həşimi düyüsünə tələbat böyükdür və çoxlu sayda insanı öz müştərimizə çevirə bilmişik".

Rüfət Əskərovun yetişdirdiyi düyünün müştərisi təkcə yerli alıcılarla məhdudlaşmır: "Biz istehsal etdiyimiz düyünü onlayn resurslarda və "Facebook" səhifəmizdə reklam edərək xarici bazarlara çıxarırıq. Düyümüzə xarici ölkələrdə tələbat böyükdür. Hazırda əkdiyimiz düyüyə artıq əvvəlcədən sifarişlər almışıq".

Lənkəranlı fermer deyir ki, yerli və ətirli düyü sortlarından istifadə Azərbaycan mətbəxinin daha da tanıdılmasında mühüm rol oynayır. "Aş yeməklərin şahı hesab olunur. Toy məclislərində, digər məclislərdə, bayram günlərində mütləq aş bişirilir. Ənənəvi, yerli Həşimi düyüsündən hazırlanmış ətirli plov doğrudan da süfrəmizin tacı sayıla bilər", - deyə o qeyd edib.

Azərtac

  • Əvvəlki

    Lerikdə yetişdirilib, çəkisi 60-75 kiloqrama çatır

Digər xəbərlər