USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan tarixində ilk dəfə xaricə premium benzin satıb

21.10.2025 İqtisadiyyat
0 0
Azərbaycan ilk dəfə 95 oktanlı premium benzin ixracını həyata keçirib.

Kommersant.az-ın məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayının nəticəsinə əsasən, Gürcüstana ümumilikdə 4 196 ton premium benzin satılıb. Bu ixracın ümumi dəyəri 2 milyon 777 min ABŞ dolları təşkil edib, ixrac olunan benzinin orta qiyməti isə tonuna 662 dollar olub.

Uzun illərdir Azərbaycan premium benzinə olan daxili tələbatı idxal hesabına ödəyirdi. Hazırda da ölkədə bu markalı benzinin istehsalı məhdud olduğundan, idxal prosesi əvvəlki qaydada davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin aprel–iyun aylarında ölkədə 8,8 min ton premium benzin istehsal edilib.

Hesabat dövründə ölkəyə xaricdən 83 458 ton premium markalı benzin idxal olunub ki, bu da 70 milyon 455 min dollar dəyərində olub.

Hazırda ölkədə əsasən Aİ-92 markalı benzin istehsal edilir. Lakin yerli neft emalı zavodlarının istehsal gücü tam tələbi qarşılamadığından, 2025-ci ilin ilk səkkiz ayı ərzində 83 min ton Aİ-92 benzini də idxal edilib. Bunun 14,5 min tonu Belarusdan, 64,8 min tonu isə Rusiyadan gətirilib.