“Azəriqaz”ın rəhbəri onlayn vətəndaş qəbulu keçirdi - FOTO

25.05.2020 Energetika
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonlardan olan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, Şəmkir Regional Qaz İstismar İdarəsinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər.

Qəbula gələn vətəndaşlar növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onların əksəriyyəti əsasən yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.

Qəbulun gedişatında ən çox diqqət çəkən məqam Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahibləri ilə olub. Baş direktor video bağlantıda istixana sahibləri ilə söhbətində bunları qeyd edib: “Mövsüm başlayarkən borcların gözlənilməsi və s. məsələlərdə güzəştlərin tətbiqi üçün biz nə lazımdırsa, edə bildik. Yəni özümüzü riskə atmış olsaq belə, sizə söz verdik ki, sahibkarlara dəstək olaq və sözümüzün üstündə də durduq. Öz gücümüzə, humanistlik prinsiplərinə söykənərək sizə köməklik etmişik. Bilməlisiniz ki, biz qazı aldığımız təşkilata həmin qazın dəyərini aldığımız anda da ödəyirik. Yəni bu təşkilat bizi gözləyə bilməz ki, siz sahibkara güzəşt etmisiniz və bu məbləği almısınız, yoxsa yox. Bu, onlar üçün maraqlı olmayan tərəflərdir.

Düzdür, Şəmkir zonasında istixana fəaliyyəti ilə çoxdan məşğul olunmasına baxmayaraq, bu gün Salyan zonasında sizin bölgədən də çox istixana var, lakin problemləri sizdəki kimi deyil. Onlar mövsüm boyu borclarının verilməsi ilə bağlı sıxıntı yaşamadılar. İndi yeni mövsüm başlayanda bizim üçün də sizə qazı vermək çətin olacaq.

Yəni yenə güzəşt olunması, mövcud borcun üstünə borcun gəlməsi daha çox bizi riskə ata bilər. Belə bir addımı atmaq üçün çətin ki, imkanımız olsun. Siz borcu verməsəniz, işçilərin əmək haqlarını ödəyə bilmirik. Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı var ki, onu icra etməkdə problemlərlə qarşılaşa bilərik. Ona görə də hazırda istixanalarla bağlı çətin bir məqam yaranıb”.

VTB