ABŞ-da neft qazma qurğularının sayı azaldı

30.06.2018 Energetika
ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı, iki həftə ardıcıl azalıb.

"Kommersant" xəbər verir ki, neft sahəsinə xidmət şirkətlərindən "Baker Hughes"un açıqladığı həftəlik məlumatlarına görə, 23-29 İyun dövründə, bir əvvəlki həftə ilə müqayisədə, ABŞ-da 4 neft qazma qurğusu xidmətdən çıxarılıb.

Beləliklə, ötən həftə 862 olan ABŞ-ın ümumi neft qazma qurğularının sayı, bu həftə 858-ə geriləyib.

Keçən həftə ölkədə 1 neft qazma qurğusunun fəaliyyəti dayandırılmışdı, ölkədə 3 ay fasilədən sonra ilk dəfə neft qazma qurğularının sayında azalma görülmüşdü.

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Neft quyuları qazma qurğuları vasitəsilə qazılır.

Qeyd edək ki, dünən Brent nefti 2%-dən çox bahalaşaraq 79,23 dollara qalxıb.