Bakıda beynəlxalq toplantı - Sədrlik Milli Məclisə keçəcək

16.12.2019 Siyasət
Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası dekabrın 18-də Bakıda keçiriləcək.

“Kommersant.az”ın məlumatına görə, iclasdan öncə Assambleya Şurasının toplantısı olacaq. Təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.