USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçılarına nəzarət gücləndirilir - Yeni qərar

18.03.2020 Siyasət
0 0
Prezident İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Kommersant.az” xəbər verir ki, sərəncama əsasən Prezident Administrasiyasında prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndiriləcək.

Sərəncama əsasən Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir: Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi; Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.

Sərəncamda Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etmək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Prezidentə ildə iki dəfə məlumat vermək tapşırılıb.

Sərəncamda deyilir ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli işlər görülməkdədir. Müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir.

Bu baxımdan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin müasir standartlara uyğun əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi üçün zəruri sistem hazırlanıb və qəbul edilib.

Aparılan sosial-iqtisadi islahatlar, regionların inkişafına dövlətin göstərdiyi qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi inkişafın tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi sisteminin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil edilməli və ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə başlanılmalıdır.

Eyni zamanda dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac var.

“Yeni Müsavat” xatırladır ki, prezident İlham Əliyevin son çıxışlarının demək olar ki, hamısında əsas önəm verdiyi məsələlər sırasında icra hakimiyyətlərinə nəzarət, qanunların icrasında boşluqlar xüsusi yer təşkil edir.

Yeni seçilmiş parlamentin ilk iclasında dövlət başçısı yenidən bu məsələ haqda danışmışdı. Dövlət başçısı deyib ki, islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. “Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın” -deyə, prezident bildirib.

Prezident deyib ki, icra strukturlarına qanunların icra vəziyyəti haqda göstəriş verib: “Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.

Məlumdur ki, dövlət başçısı vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edir, amma bu proses hələ yavaş gedir: “Hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyldir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb”.

Dövlət başçısı martın 16-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edib və yenə də qanunsuzluğa yol verən məmurlardan danışıb: “Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib”.

Kifayət qədər sərt ritorikadan da göründüyü kimi, dövlət başçısı İlham Əliyev yerli məmurların qanunsuz əməllərinin iqtidarın nüfuzuna ciddi zərbə vurduğunu deyir. Bu baxımdan dövlət başçısının dünənki sərəncamçının mahiyyəti də aydındır. Prezident icra strukturlarına, eləcə də qanunlara nəzarətin elə bir mexanizmini hazırlatmaq istəyir ki, kimsə qanunsuz əməllərin cəzasız qalmayacağını anlasın. Bu, həm də icra strukturlarının da “ASAN” Xidmət modelinə keçidi üçün ciddi addım hesab oluna bilər.