USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hazırkı parlament nə qədər tez buraxılsa, bir o qədər yaxşıdır”

08.07.2020 Siyasət
0 0
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən az sonra payızda Milli Məclisin yenidən buraxılacağı barədə ehtimallar irəli sürülməyə başlayıb. Bu ehtimalları doğuran səbəblərdən biri növbədənkənar parlament seçkilərinin ənənəvi qaydada keçirilməsi və parlamentin tərkibində köklü dəyişimlərin olmaması ilə bağlıdır. Başqa bir ehtimala görə isə Milli Məclisin payızda buraxılması proporsional seçki sisteminin bərpası ilə bağlı ola bilər. Yenisabah.az mövzu ilə bağlı siyasi şərhçi Azər Rəşidoğlunun fikirlərini öyrənib.

- Azər bəy, payızda yenidən parlament seçkilərinin keçiriləcəyi barədə mülahizələr irəli sürülür. Bu mülahizələri bölüşürsünüzmü?

- Son vaxtlar ölkədə aparılan struktur dəyişiklikləri koronavirus pandemiyasına görə yarımçıq qaldı. Bir çoxları təklif edirdilər ki, proporsional seçki sistemi bərpa edilsin. Qeyd edim ki, bu təklifi ilkin səsləndirənlərdən biri də mənəm. Proporsional sistem partiyaların inkişafına səbəb ola bilər. Bu baxımdan, referendiumun keçirilməsi, seçki sisteminin dəyişdirilməsi və bunun nəticəsi kimi yeni parlamnet seçkilərrinin proporsional sistemlə keçirilməsi mümkündür.

Lakin bu seçkilərin etimad doğurması üçün real siyasi qüvvələrin iştirakına nail olmaq lazımdır. Belə olarsa, cəmiyyətdəki gərginlik də azala bilər. Başlıca vəzifəsi az qala hər kəsi təhqir eləməkdən ibarət olan, mövcudluğu yalnlz yağdırdığı təhqirlərlə yada düşən cırtdan partiya sədrləri ilə uzağa getmək mümkün deyil. Bunu anlamaq lazımdır. Yeni dövr yeni yanaşma tələb edir. 30-40 il siyasətdə ancaq başqalarını təhqir eləməklə baş girləyənlərdən yaxa qurtarmağın zamanı çatıb. İndi yeni, ağıllı, maksimalizmdən uzaq insanlarla ehtiyac yaranıb. Bu baxımdan, yeni parlament gözlənilən ümidləri doğrultmadı. Odur ki, yeni, lakin proporsional əsaslarla keçiriləcək seçkiyə ehtiyac var.

- Sizcə, pandemiyadan sonra bu, baş verə bilərmi?

- Mövcud parlament son illərin ən zəif qanunverici orqanı kimi yadda qalacaq. Milli Məclisin hazırkı tərkibi nə cəmiyyətin, nə də ki ölkə başçısının tələblərinin mahiyyətini anlaya bilmir. Odur ki, belə parlament nə qədər tez buraxılsa, bir o qədər yaxşıdır. Düşünrəm ki, ilk fürsətdə yeni seçki keçirilməlidir. Bu, payızda da ola bilər, bir qədər gec də. Amma nə qədər tez baş versə, bir o qədər cəmiyyətə xeyirlidir. Milli Məclis yaranmış ağır situasiyada nə edəcəyini anlamır. Digər tərəfdən, qonşu ölkələrin təsirini dəf etməyə qanunverici orqanın nə gücü var, nə də həvəsi.

- Buna mane olan qüvvələrin olduğu barədə iddialar var. Söhbət təbii ki, hakimiyyətdaxili qüvvələrdən gedir…

- İslahat ideyasının özünü qıcıqla qarşılayan similar var. Onların yarıtmaz siyasəti nəticəsində ölkədə bu qədər problem mövcuddur. Həmin adamlar yalnız öz ciblərini düşünürlər. Yaxın tariximizdə belə adamların dönüklüyünün dəfələrlə şahidi olmuşuq. Ölkə başçısına xəyanət etməyə hazır olan belə harın, korrupsioner, başqa ölkələrin təsirində olan şəxsləri cəzalandırmağın vaxtı çoxdan çatıb. Onlara hazırkı parlamenti idarə etmək asandır. İlk gündən demişdik ki, 30 il parlamentdə yuxulayan, heç vaxt çıxış etməyən deputatları işləməyi bacaran və buna həvəsi olan şəxslərlə əvəz etmək lazımdır. Danışanlar da “barıtı o qədər çox” edirlər ki, bunun ancaq ziyanı olur. Parlamentin bir çox danışan deputatı var. Onun adı gələn kimi hər kəs gülür və əyilə-əyilə gəzməyə başlayır. Sosial şəbəkələrə diqqət edin. Belə deputatlar lağ hədəfidir. Lazım idimi belə insanları yenidən parlamentə yığmaq?! Hakimiyyəti ağılla müdafiə edən gənclər mövcuddur, hakim komanda onlara dəstək verə bilərdi. 30 il susan və yaxud hər kəlməsi ölkə başçısna qarşı yönələn insnaları kim zorla deputat elədi?

Xalq dəyişiklik istəyir. Parlament yataqxana deyil, təqüçülər klubu deyil, sirk deyil. Qanunverici orqanda ağıllı insanlar olmalıdır. Bütün bunları siyasi hakimiyyət də anlayır və odur ki, yeni seçkilərlə bağlı mesajlar verir.

Digər tərəfdən, hakim Yeni Azərbaycan Partiyası da artıq öz missiyasını başa vurub. Artıq belə siyasi təşkilatlara ehtiyac qalmayıb. Siyasi müstəvidə yeni qüvvələr öz sözünü deməlidir. Çalışmalıyıq ki, bu proses ağrısız baş versin. Dəyişiklik lazımdır. Bu dəyişikliyi əyilə-əyilə, yaxud yata-yata həyata keçirtmək mümkün deyil. Bunu hər birimiz anlamalıyıq.

- Yeri gəlmişkən, son günlərdə bu məsələdə daha çox Ramiz Mehdiyevin adı hallandırlır. Niyə məhz Ramiz Mehdiyev?

- Ramiz Mehdiyev 30-40 il bu ölkənin idarəçiliyində yer alan ən əsas fiqurlardan biridir. O, ideolqdur. Bu günki Azərbaycanı Ramiz Ənvəroğlunun əsəri də hesab etmək mümkündür. Lakin bütün günahları da ona yükləmək olmaz. Ramiz Ənvəroğluna cəmiyyətdə münasibət birmənalı deyil. Bəli, o, yerlipərstdir. Bir çox qalmaqallarda adı hallanır, müxalifət onun adını rüşvət qalmaqalları ilə də bağlayır. Lakin bunlarla yanaşı Ramiz Ənvəroğlu təcrübəli siyasətçidir. O, Heydər Əliyevə sadiq olduğu qədər də İlham Əliyevə sadiqdir. Ramiz müəllimin nə yaşı, nə də ki şəxsi keyfiyyətləri ölkənin birinci şəxsi olmağa imkan vermir. Digər tərəfdən, Ənvəroğlunun arxasında ölkənin ən mobil regionu və “dərin Heydər Əliyev komandası” dayanıb. Onu çox urvatsız etmək olmaz. Bu, təhlükəli ola bilər.

- Hansı təhülkələr ola bilər, məsələn?

- Mən istəməzdim ki, ölkədə yenidən 1988-1992 –ci illərdəki proseslərə bənzər hadisələr baş versin. Siyasətdə həledici söz və güc sahibi olan bir bölgənin ağsaqqalını aşağılamaq olmaz. Bütün dəyişikliklər tədricən həyata keçirilməlidir. Bizi gözləyə biləcək təhlükələr barədə vaxtilə yazmışdım. Təkrarlamaq istəmirəm. Ümumiyyətlə, belə məsələlər barədə mətbuata danışmaq populizmdır. Çıxış yolları mövcuddur və lazım gələrsə, öz təkliflərimizi yenidən irəli sürə bilərik. Populizmdən uzağam. Bilirsiniz ki, efirlərə çıxmaqdan imtina edirəm. Geniş müsahibələr də vermirəm. Vidadi bəy, sizin şəxsinizə və mənə dogma olan saytınıza hörmət əlaməti olaraq, bu açıqlamaları verirəm. Vəziyyət ciddidir. Lakin çıxılmaz da deyil. Sualnız maraqlıdır, aktualdır, lakin mətbuatda bu barədə danışmaq arzuedilən deyil.

Vidadi