USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2026-cı ildə orta pensiya məbləği 7,9 % artacaq

05.11.2025 İqtisadiyyat
0 0
2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,85 faiz və ya 782,35 mln. manat çox nəzərdə tutulur.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2 faiz) nəzərə alınıb. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0 mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya xərclərinin 7992,88 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635,59 mln. manatadək olması gözlənilir.

Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür.

Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72,0 mln. manat ətrafında gözlənilir.

Əmək pensiyaları üzrə illik xərclərin hesablanmasının əsas metodoloji elementlərini aşağıdakı parametrlər təşkil edir:

Əmək pensiyalarının xərclərinin əvvəlki illə müqayisədə artımı əsasən aşağıdakı amillərlə bağlıdır:

  • indeksləşdirilmə ilə bağlı;
  • inventarizasiya ilə əlaqədar pensiyaların yenidən hesablanması;
  • “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü bəndinə əsasən (pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə);
  • il ərzində sistemə yeni daxil (yeni pensiya təyinatları) olmuş pensiyaçılar və həmin pensiyaçılara ödənilmiş pensiya məbləğləri ilə il üzrə sistemdən çıxmış pensiyaçılar və həmin pensiyaçılara hesablanmış pensiya məbləğləri (ölüm, müddət bitməsi və s. ilə əlaqədar pensiya ödənişinin dayandırılması halları üzrə) arasında müsbət saldo;
  • “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci bəndi üzrə müraciətlə (təminat xərcliyinin 35-50 faizindən 80 faizinə çatdırılma) əlaqədar;
  • əlavə sənədlərin təqdim edilməsi ilə əlaqədar yenidən hesablama (əmək kitabçası, arxiv arayışı, əməkhaqqı arayışı və sair təqdim edilməsi halları üzrə müraciətlər zamanı);
  • qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi zamanı hər il yaş həddinin 6 ay artırılması ilə bağlı tələbin 2027-ci ilin iyulun 1-də başa çatması ilə əlaqədar pensiya sisteminə daxil olan kontingent sayı artması və s.

Müvafiq amillərin təsirləri nəzərə alınmaqla 2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9 faiz artmaqla 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır.