USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar cərimə ediləcək

06.12.2022 Siyasət
0 0
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, məcəlləyə aşağıdakı məzmunda 482-1-ci maddə əlavə edilib:

“Maddə 482-1. Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma

Bu Məcəllənin 479 - 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə -

inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir”.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu da təsdiqləyib.

Dəyişikliklə, məcəlləyə yeni maddə əlavə edilib:

“Maddə 206-1. Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma

206-1.1. Bu Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda törədildikdə -

cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

206-1.2. Eyni əməllər:

206-1.2.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;

206-1.2.2. külli miqdarda törədildikdə -

cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

206-1.3. Bu Məcəllənin 206-1.1-ci və 206-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə -

cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.