Kommersant.az-a bunu Milli Məclisin deputatı Elman Nəsirov bu gün Vaşinqtonda keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.
Deputat qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətərinin normallaşdırılması prosesində çox ciddi əngəllər yaranıb:
“Bu əngəlləri də yaradan tərəf Ermənistandır. Ermənistan bir tərəfdən Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul edir, digər yandan isə əməli addımları ilə həmin prinsiplərə zidd prosesi həyata keçirir. Artıq Ermənistanın hərbi təxribatları aramsız xarakter kəsb edərək, intensivləşib”.
Elman Nəsirov əlavə olaraq bildirb ki, artıq yeni reallıqlar da yaranıb:
“Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-keçid buraxılış məntəqəsinin açılşını həyata keçirib. İndi artıq Ermənistandan Qarabağa, Azərbaycanın nəzarətindən kənarda olan ərazilərə Ermənistanın canlı qüvvə, silah-sursat, digər hərbi təyinatlı məhsulların daşınması prosesinin qarşısı alınıb. Təbii ki, bu reallıq da özünün şərtlərini diktə edəcək”.
Deputat bildirib ki, eyni zamanda həllini gözləyən çox ciddi məsələlər var:
“Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlər, iki dövlət arasında kommunikasiyanın bərpası və bu konteksdə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı proses, sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsi ilə bağlı məsələlər və s. öz həllini gözləyir. Bu məsələlər nəticə etibarı ilə Ermənistan və Azərbaycan arasında çoxdan gözlənən sülh prosesinin başlanmasına gətirib çıxarmalı və sülh müqaviləsinin imzası ilə yekunlaşmalıdır. İstisna deyil ki, danışıqlarda müəyyən razılaşmalar əldə ediləcəyi təqdirdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında yüksək səviyyəli danışıqlar baş tutsun”.
Qeyd edək ki, bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin təşəbbüsü və vasitəçiliyii ilə Azərbaycan və Ermənistann xarici işlər nazirlərinin görüşü keçiriləcək.