“Azərsu” Bakının Suraxanıda yeni layihələrin icrasına başlayıb

13.05.2019 İqtisadiyyat
“Azərsu” ASC Bakının Suraxanı rayonunun qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Tədbirlər Planına uyğun icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir.

Layihələrin əhatə etdiyi ərazilərin bir hissəsində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb. Əhali içməli suya olan tələbatını maşınlarla daşıma yolu ilə təmin edib. Bəzi ərazilərdə isə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılırdı. Belə yaşayış massivlərində normal su təchizatını təmin etmək mümkün olmurdu. Su xətləri istismara yararsız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı sistemlərinin yaradımasına və yenidən qurulmasına qərar verilib.

Layihə çərçivəsində Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Atamoğlan Rzayev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə, bu ərazilərdə görülən işlərdən 7 min nəfər faydalanacaq.

Yeni Günəşli qəsəbəsi D massivinin relyef baxımından yüksəklikdə yerləşən hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borularla 3,2 km su xətləri çəkilir. Görüləcək işlər nəticəsində bu ərazidə 10 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçiriləcək.

Qaraçuxur qəsəbəsinin Şərq massivində, həmçinin Nazim İsmayılov, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əli Məmmədov, Əmircan qəsəbəsi Malik Mustafayev, Elxan Həsənov, Park, Vladimir Balandin küçələrində müxtəlif diametrli borularla 12 km uzunluğunda yeni su şəbəkələri yaradılacaq. Bununla da adıçəkilən ərazilərdə 11 mindən çox sakinin içməli su təchizatı yaxşılaşacaq.

Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin 7 km-lik hissəsi tikilib. Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.

  • Əvvəlki

    Səngəçal terminalından bu qədər neft və kondensat ixrac edilib

Digər xəbərlər

20.05.2019 İqtisadiyyat
Buğda idxalı 28% artıb
0 0
20.05.2019 İqtisadiyyat
“Diqlas” bu tarixdə söküləcək
0 0
VTB