Azərbaycanın “peyvənd pasportu” hansı ölkələrdə tanınır?

28.10.2021 Sosial
Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın “peyvənd pasportları”nı tanıyıb.

Bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib.

O deyib ki, hökumətin COVID-19 pandemiyasına çevik və təhlükəsiz uyğunlaşma və ona nəzarət haqqında 1 oktyabr tarixli qərarına əsasən, Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd sertifikatlarını tanıyıb.

Bu siyahıya həmçinin Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələr daxildir.

Məlumdur ki, Azərbaycanda 4 peyvənd tətbiqi edilir. Bunlar “Sinovac”, “Pfizer”, “Sputnik V”, “AstraZeneca”dir. “Pfizer”in sertifkatı çox ölkədə tanınır. Çətinlik “Sinovac” peyvəndi ilə bağlıdır. Belə ki, mayda Avropa Parlamenti “Vaksin pasportu haqqında” Qanunu təsdiqləyib. Avropa Dərman Agentliyi tərəfindən “BioNTech”, “Moderna” və “AstraZeneca” peyvəndləri təsdiqlənib. Lakin agentlik Çinin “Sinovac” və Rusiyanın “Sputnik V” peyvəndini tanımayıb. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı 1 iyun tarixində Çinin yeni tip koronavirusa (COVID-19) qarşı inkişaf etdirdiyi “Sinovac” peyvəndinin təcili istifadəsinə icazə verib.

Təşkilat, peyvəndin bütün beynəlxalq təhlükəsizlik, effektivlik və istehsal standartlarına cavab verdiyini bildirib. Bundan sonra ADA vaksin sertifkatı məsələsində yumşaldılmalara gedib.

Maraqlıdır ki, hazırda hansı ölkələrdə “Sinovac” peyvəndinin sertifkatı tanınır?

Bununla bağlı araşdırma aparılıb.

Səyahət üçün “Sinovac” vaksini ilə peyvəndləmə Avropa qitəsindəki beş ölkə – Gürcüstan, Ermənistan, Albaniya, Serbiya və Makedoniya tərəfindən tanınır. Səyahət zamanı “Sinovac” ilə peyvəndləməni AB və Şengen zonasının 7 ölkəsi də tanıyır. Bunlar İspaniya, Niderland, Avstriya, Yunanıstan, Bolqarıstan, Sloveniya ve Finlandiyadır. Siyahıya zaman keçdikdə digər ölkələrin də qatılacağı deyilir. İsveçrə, İslandiya, Macarıstan da “Sinovac” sertifkatını qəbul edənlər sırasındadır. Yəni artıq pandemiya şərtlərinə və ölkələrin fərqli qərarlarına əsasən, bu ölkələrə “Sinovac” peyvəndinin sertifkatı ilə getmək mümkündür.

Bəs “Sinovac” Azərbaycandan başqa hansı ölkələrdə tətbiq olunur?

Qeyd edək ki, “Sinovac”ın istifadə olunduğu ölkələrdə də bu peyvənd sertifkatı tanınır. Hazırda bu peyvənd Azərbaycan da daxil olmaqla dünyanın 35-dən çox ölkəsində istifadə edilir. Bunlar aşağıdakılardır: Azərbaycan, Albaniya, Argentina, Əlcəzair, Banqladeş, Benin, Braziliya, Çili, Çin, Kolumbiya, Dominik Respublikası, Ekvador, Misir, Salvador, Gürcüstan, Honq-Konq, İndoneziya, Qazaxıstan, Malaziya, Meksika, Oman, Pakistan, Paraqvay, Filippin, Şri-Lanka, Tacikistan, Tayland, Tunis, Tanzaniya,Türkiyə, Ukraniya, Uruqvay, Zimbabve. Başqa sözlə, bu ölkələrdə “peyvənd pasportları” qarşılıqlı tanınır.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarşı başlayan vaksinasiya prosesində də Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” peyvəndindən istifadə olunur. “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan peyvəndlər təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Nüfuzlu tibbi jurnal olan “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi haqqında geniş məqalə yayaraq, COVID-19-a yoluxma riski yüksək olan 60 yaşdan yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı olduğunu bildirib.