Elm və Təhsil Nazirliyində korrupsiya var?

11.08.2022 Sosial
“Mənə məktəblərə verilən və məktəbin idman zalında tamaşaçıların əyləşməsi üçün nəzərdə tutulan iki növ oturacağın fotusunu göndəriblər. Səthi və ayaqları adi oduncaqdan düzəldilib boyadılan, 5 nəfər şagirdin oturması üçün nəzərdə tutulan, belliyi olmayan taxta oturacağın qaimədə göstərilən qiyməti 270 manatdır. Ayaqları nazik dəmir profildən, səthi taxtadan olub 3 nəfərin oturması üçün nəzərdə tutulan, belliyi olmayan oturacaq da eyni qiymətə məktəblərə verilib. Ölkənin bir çox məktəblərində şagirdlər üçün stol-stul və lövhə kimi adi sinif ləvazimatlarının, dərsliklərin belə çatışmadığı bir şəraitdə bu avadanlıqları məktəblərə verməyin adı nədir? Bu kustar üsulla sexlərdə hazırlanan oturacaqların qaimədə göstərilən qiymətinə azı 5 beləsini düzəltdirmək olar”.

"Kommersant.az" xəbər verir ki, bu söləri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bir neçə faktı da açıqlayıb: “Digər bir fakt isə adamı lap dəhşətə gətirir. Ölkədəki 44 günlük müharibənin qələbəsini əks etdirən və məktəblərə verilən 3-4 kvadrat metrlik, çərçivəyə alınmış banerin də qaimə qiyməti 350 manatdır. Bu banerlərin oxşarı Aprel döyüşlərində və müharibə zamanı ölkə üzrə bütün məktəblərə verilib. Guya bizim nazirlik də müharibəyə töhfəsini verib. Bunlar hansı vicdanla insanlarımızın qanı tökülən ərəfədə milyonlarla dövlət vəsaitini israf ediblər? Bu banerin maya dəyəri faktura və qaimədə göstərilən qiymətdən ən azı 5 dəfə ucuzdur. Digər bir fakt isə adamda təəssüf hissi yaradır. Cənab Prezidentin xaricdə təhsil almağa göndərdiyi və etimad etdiyi bu kadrlar onun portretinin birini 495 manatdan sənədləşdirib məktəblərə göndəriblər. Hesab edirlər ki, belə halda heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz. Ölkənin təhsil siyasətini aparmalı olan və onları görəvləndirən Prezidentin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tutan bu məmurlara daha sözüm yoxdur”.

K.Əsədovun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin məktəblərə verdiyi material və təchizatlar adətən kustar üsulla sexlərdə hazırlanır: “Burada məqsəd həmin aktivlərin qiymətini və maya dəyərini hesablamağın maraqlı tərəflərə əlçatmaz edilməsi, onlarn rahatlıqla maya dəyərindən dəfələrlə baha göstərilə bilməsidir. Bunlardansa, heç olmazsa faktiki qiyməti maya dəyərindən 3 dəfə baha göstərilən 250 manatlıq parta və lövhələrdən məktəblərə versəydilər adama təsir etməzdi. İndi siz deyin, məktəblərdə bu qaimələri görən məktəb rəhbərləri də alternativ yolu tutub onları təyin edənlər kimi saxtakarlıq, oğruluq, rüşvətxorluq və korrupsiya yolunu tuturlarsa günah kimlərdədir?”