Novruz yarmarkaları bu tarixdən başlayacaq - RƏSMİ

03.03.2020 Aqrar
Hazırda Bakı və Abşeronda 5 ünvanda "Kənddən şəhərə" yarmarkaları fəaliyyət göstərir.

"Kommersant.az" xəbər verir ki, bunu Lent.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, Abşeron rayonunda Xırdalan şəhərində, Bakı şəhərində isə Yasamal, Binəqədi, Nərimanov və Suraxanı rayonlarında yarmarkalar fəaliyyət göstərir: "Hazırda qeyd etdiyim ünvanlarda yarmarkalar ancaq həftə sonları fəaliyyət göstərir. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 14-dən 19-dək gündəlik rejimdə olacaq. Vətəndaşlar həmin yarmarkalardan kənd təsərrüfatı məhsullarını həm sərfəli qiymətə, həm də fermerlərin özündən ala biləcəklər".

M.Musayev onu da bildirib ki, koranavirusa görə insanların kütləvi toplaşdığı yarmarkaların fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı hələlik söhbətlər yoxdur: "Bu barədə hər hansı qərar olarsa, məlumat veriləcək".