USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə start verilib

05.11.2020 İqtisadiyyat
0 0
Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb. Bu gün Aqrar Sığorta Fondunun inzibati binasında kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə səfərdə olan Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin və TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi istiqamətində görülən işlər, Türkiyə təcrübəsinə əsaslanan sığorta mexanizminin formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndəsi Bekir Engürülü, Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbəri Serpil Günal, Azərbaycan Mərkəzi Bankının, Aqrar Sığorta Fondunun rəsmiləri, fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Ermənistanın hərbi təcavüzü aqrar sahəyə təsirsiz ötüşməyib: "Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə uğurlu əks-həmlə əməliyyatlarını davam etdirir, torpaqlarımızı azad etməkdə davam edir. Gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb".

Nazir əlavə edib ki, dövlət başçısının rəhbərliyi ilə aqrar sektorda həyata keçirilən ardıcıl islahatlar, fermer və investorlara dövlət dəstəyi nəticəsində aqrar sektor ölkə iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən birinə çevrilib: "Aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Azərbaycanda aqrar sığorta sistemi qardaş Türkiyə Respublikasının TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Aqrar sığorta vasitəsilə fermerlər kənd təsərrüfatı heyvanlarını, əkin sahələrini və bitkiçilik məhsullarını, eləcə də akvakulturanı güzəştli şərtlərlə ən aktual risklərdən sığortalaya biləcəklər. Başqa sözlə desək, bu gün işə düşən aqrar sığorta mexanizmi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürüdür. Aqrar sığorta mexanizminin tətbiqi fermerlərə və sahibkarlara dəstək olmaqla yanaşı, kənd təsərrüfatının daha təhlükəsiz biznes sektoruna çevrilməsinə, bu sahəyə yatırımların artmasına səbəb olacaq və ümumilikdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək".

Tədbirdə çıxış edən TARSİM təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü bildirib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait ayradacaq.

TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbəri Serpil Günal, Azərbaycan Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov, Tərtər rayonundan olan fermer Habil İbrahimli çıxışlarında aqrar sığorta mexanizminin fermerlər üçün böyük üstünlüklər yaradacağını bildirib, dövlət dəstəyinin genişləndirilməsinin kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcklərini bildiriblər.

Qeyd edək ki, ölkədə dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Tərtər rayonunun Bəyimsarov kəndində fermer Habil İbrahimli ilə imzalanıb. Həmin müqaviləyə əsasən fermerə məxsus 50 baş iribuynuzlu heyvan aktual risklərdən sığortalanıb. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermer hissələrlə ödəyəcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi "Aqrar Sığorta haqqında" qanuna əsasən fəaliyyət göstərir. Kənd təsərrüfatı riskləri Azərbaycan Prezidenti İlham Əliyevin 809 saylı Fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu tərəfindən sığortalanacaq. Bu mexanizm vasitəsilə kənd təsərrüfatı bitkiləri və məhsullarını, kənd təsərrüfatı heyvanlarını və aqrokultura məhsullarını - balıqları və balıq məhsullarını sığortalamaq mümkündür.

İlkin mərhələdə aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq), eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.

Aqrar sığorta çərçivəsində sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və hadisələrin tənzimlənməsini isə - "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti (ASC) həyata keçirəcək.

Xatırladaq ki, noyabrın 3-də Azərbaycanın cəbhə bölgəsi olan Tərtər rayonunda Aqrar Sığorta Fondu və yerli fermer Habil İbrahimli arasında ilk aqrar sığorta müqaviləsi imzalanıb.

  • Əvvəlki

    "PAŞA Bank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0