USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1 hektar tütünün gəliri 30 hektar taxılın gəlirinə bərabərdir - MEDİA-TUR

09.07.2018 İqtisadiyyat
0 0
İyulun 6-da Kənd Təsərrüfatı Nazirliyi Şəki, Qax, Gəncəyə mediatur təşkil edib. 20-yə yaxın media nümayəndəsinin qatıldığı mediaturun əsas məqsədi qeyd edilən bölgələrdə görülən kənd təsərrüfatı işləri ilə ictimaiyyəti məlumatlandırmaq olub.

"Kommersant"ın əməkdaşının da qatıldığı media-tur iyulun 7-də baş tutub, 3 gün davam edib.

İlk gün media nümayəndələri Oğuzun Kərimli kəndində tütün sahəsində olublar.

Turda qeyd olunub ki, Oğuz Azərbaycanın tütünçülük mərkəzlərindən biri olub. Sovet dövründən sonra tütünçülük sıradan çıxsa da, son illərdə rayon yenidən öz ampluasına qayıdıb. Oğuz rayonunda 250 hektar sahədə tütün əkilib. Rayonda əsasən iki sort – yerli İmunium, xarici Virciniya sortu yetişdirilir. Virciniya sortunun toxumunu Zaqatalada yerləşən "İntertabaq" şirkəti Azərbaycana gətirir və fermerlərə satır.

Tütünçülük taxılçılıqdan gəlirlidir

Oğuz rayonunda tütünçülüklə bağlı jurnalistlərə rayonun kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev məlumat verib. Bildirib ki, 1 hektar tütünün gəliri 30 hektar taxılın gəlirinə bərabərdir:

"Vətəndaşlar yaş tütünü yığıb qəbul məntəqəsinə təhvil verirlər. Tütünün bir kiloqramının qiyməti 20 qəpikdir. Xarici sort tütünün qiyməti isə 22 qəpikdir. Fermer bir hektardan 7000-8000 manat qazanc əldə edə bilir. Taxıldan bu gələri almaq mümkün deyil. Tütünçülük həm də biznes sahəsi deməkdir. Belə ki, rayonda gündəlik 250 nəfər bu işlə məşğuldur. İstehsal etdiyimiz məhsul həm də ixraca gedir. Bizim əsas bazarımız Rusiya, Ukrayna, Belarusiyadır. Yığılan tütünün 20-30%-i daxili bazara, yerdə qalanı isə xaricə gedir".

Gündə 12 saat işləyib 300 manat maaş alırıq

Tütünçülük sahəsində işləyən Ayşə Əzimova ilə söhbət zamanı bildirir ki, gündəlik qazancı 10-12 manat arası olur:

"Saat 7-də işə gəlirik, axşam saat 7-də də evə qayıdırıq. İş saatı ilə bağlı maaşımızı verirlər. Ay ərzində 300 manatdan bir qədər çox pul alırıq. İşimiz ağır olsa da, çalışmağa dava edirik. Rayon yeri üçün pis pul almırıq".

Oğuz rayonunun Kərimli kəndində tütün əkən Yengivar Məhərrəmov qeyd edib ki, havanın isti keçməsi məhsula ziyan verir:

"Bizim tarixən də əsas işimiz tütünçülük olub. Əziyyətli olsa da qazancı yaxşıdır. Havaların çox isti keçməsi məhsula təsir edəcək. Rayonumuz dağlıqdır, şeh düşür, suvarma sistemimiz də yaxşıdır".

Daha sonra jurnalistlər Şəki Dayaq Məntəqəsində olublar. Burada jurnalistlərə məlumat verən dayaq məntəqəsinin müdiri Məclum Şükürov bildirib ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin fəaliyyətinin əsasını elmi-tədqiqat işləri təşkil edir:

"Bu işləri yerinə yetirməklə təsərrüfatın rentabelliyinin yüksəldilməsi məqsədi ilə institutun rayonlaşmış, aqro-bioloji xüsusiyyətləri və yüksək təsərrüfat göstəricilərilə fərqlənən yem, dənli bitki sortlarının ilkin toxumçuluğunun təşkilini və müxtəlif reproduksiyalı toxumlarının istehsalını həyata keçirir. Taxılçılıqda yüksək məhsulun əldə olunması üçün rayonlaşmış və perspektiv sortların sort aqrotexnikasını öyrənməklə respublikanın dəmyə bölgələri üçün tövsiyələr verir və institut tərəfindən verilmiş sifariş və digər elmi-tədqiqat işlərini yerinə yetirir".

Jurnalistlərin növbəti səfəri Qax rayonuna olub

Azərbaycan Arıçılar Asossiyasiyasının sədri, "Bal evi" arıçılıq müəssisəsinin sahibi Bədrəddin Həsrətov jurnalistlərə açıqlamasında deyib ki, rəhbərlik etdiyi təsərrüfat bir neçə şöbədən ibarətdir:

"Bunlar bal, damazlıq, təsərrüfat, sexlər, arı südü, qədimi arıçılıq, bal verən bitkilərin araşdırılması və çoxaldılması şöbəsidir. Bizim təsərrüfat kompleksində ana arının seleksiyası prosesləri gedir. Ana arının bu cür dəqiqliklə yetişdirilməsi Azərbaycanda demək olar ki, çox az yerdədir. Biz bunun süni mayalanmasını da həyata keçiririk. Avqust ayında bal emal və qablaşdırılması sexi quraşdırılacaq. Artıq bununla bağlı lazımı işlər görülür. Yaxın vaxtlarda bizdə arışılıq turizmi ilə bağlı da işlərə başlanılacaq. Bal evimiz hələ tam gücü ilə işləmir. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda "Bal evi"nin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. "Bal evi"nə gələn qonaqlara həmin 14 məhsul haqqında ətraflı məlumat veriləcək və məlumat kitabçaları paylanılacaq. Biz bunu yaxın vaxtlarda reallaşdıracağıq. Bizim böyük anbarımız var. Sifarişləri alan kimi hər bir müştəriyə mallar çatdırılır".